Logo

ADA Universitetində “Azerfoodathon” müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib - FOTO

04.04.2024 12:44 241 baxış
IMG

ADA Universitetində yeni açılmış Kənd təsərrüfatı və qida elmləri fakültəsi çərçivəsində iki ay davam edən “Azerfoodathon” müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADA Universitetindən məlumat verilib.

Bildirilib ki, “Azerfoodathon” Bakı, Gəncə, Şamaxı və Lənkərandan ümumilikdə 250-dən çox orta məktəb şagirdinin iştirakı ilə keçirilib. Mərasimdə ADA Universitetinin rektoru Hafiz Paşayev, Bolonya Universitetinin rektoru Ciovanni Molari, bu universitetin prorektoru Raffealla Kampaner, eləcə də universitetin İtalyanşünaslıq və kənd təsərrüfatı elmləri və texnologiyaları fakültəsindən nümayəndə heyəti iştirak edib.

Müsabiqənin məqsədi orta məktəb şagirdlərini kənd təsərrüfatı və qida sistemləri ilə bağlı problemləri həll etmək üçün yeni ideyaların inkişaf etdirilməsinə ruhlandırmaqdır.

İştirakçılar 2-5 nəfərdən ibarət komandalar şəklində “Ərzaq itkilərinin və tullantıların azaldılması”, “Yerli ənənəvi məhsulların təşviqi”, “Daha sağlam pəhrizə keçidin stimullaşdırılması” və “Kənd turizminin genişləndirilməsi” kateqoriyaları olmaqla, ümumilikdə dörd kateqoriya üzrə layihələr hazırlayıblar. Hər komanda mentorların köməyilə Azərbaycan, rus və ya ingilis dillərində hazırladıqları layihənin videoxülasəsini təqdim edib.

Mərasimdə Azərbaycanda kənd təsərrüfatı və qida sistemi ilə bağlı problemlərin həllinə yönələn layihələr üzrə qaliblərin adları açıqlanıb. Gəncədən “Oksigen”, “Çinar”, “Gəncə”, “Həyat”, Şamaxıdan “Abqora”, “A komandası”, “Təbiət”, Bakıdan “TAM”, “Cavan Şir”, Lənkərandan “Cheese”, “Regional Roots Revival” və “L3nkon” qaliblər sırasında yer alıb. Qalib komandalara sertifikat və hədiyyələr təqdim edilib.

Xatırladaq ki, martın 3-də, həmçinin Kənd təsərrüfatı və qida elmləri fakültəsi tərəfindən şagirdlər arasında qida texnologiyaları barədə məlumatlılığın artırılması üçün master-klas keçirilib. Bolonya Universitetinin Kənd təsərrüfatı elmləri və texnologiyaları fakültəsinin direktoru Rosalba Lançiottinin çıxış etdiyi master-klasda qida sənayesinin gələcəyini formalaşdırmaq məqsədi daşıyan davamlı qidalanma, qida təhlükəsizliyi sahəsində istifadə edilən texnologiyalara dair məlumat verilib.

Sonda məktəblilər üçün ADA Universitetində kampus turu təşkil edilib.

Xəbər lenti