Logo

Məktəblərdə şagirdlərin təhlükəsiz təhsil alması necə təmin edilir? - FOTO

09.10.2020 12:41 618 baxış
IMG

Artıq bir neçə aydır ki, dünya ilə birlikdə bir savaş veririk. Amma kiminlə savaşdığını bilmədən savaşırıq bu bəla ilə. Bildiyimiz, sadəcə onun ətrafımızda olduğu, bədənimizə daxil olmaq üçün fürsət gözlədiyi, əlinə keçən hər şansı düzgün dəyərləndirdiyidir.

Düşdüyü yeri - insan orqanlarını fəlakət zonasına çevirdiyini də artıq öyrənmişik. Koronavirus ailəsindən olan COVID-19 adlı bu bəladan qorunmaq üçün öncəliyimiz uşaqlardır. Onlara gözlə görünən düşmənlə olduğu kimi, görünməyən düşmənlə də mübarizə aparmağı öyrətməli olduğumuz da bu günlərdə bilməli olduğumuz vacib həqiqətlərdəndir.

Bəs öyrədə bilirikmi?

Bu sualın cavabını Bakı şəhərindən azacıq uzaqda – Xırdalan şəhərində axtardıq.

Şəhərin 10 nömrəli tam orta məktəbinə yollandıq və müşahidələrimizi orada apardıq. Məktəbdə ölkədə davam edən karantin qaydalarının tələblərinin hansı səviyyədə yerinə yetirildiyini, uşaqları necə qoruduqlarını öyrənməyə çalışdıq.

Gördüyümüz bu oldu ki, 10 nömrəli məktəb pandemiya şəraitində şagirdlərinin tam təhlükəsiz təhsil almasını təmin etmək iqtidarındadır.

Qayda qaydadır və məktəb buna əməl etməyi şagirdlərinə öyrədib

Xırdalan şəhərindəki 10 nömrəli tam orta məktəbin həyətində ölkədə pandemiya şəraitinin davam etdiyi aydın görünür. Qayda qaydadır və məktəb buna əməl etməyi şagirdlərinə öyrədib. Artıq ikinci növbənin dərsləri başlayıb. Siniflərdə şagirdlər tək-tək oturub. Müəllimlərin ağzı və burnu maska ilə örtülüdür. Siniflərdə spirtlər qoyulub.

Müəllimlərdən texniki işçilərə qədər hər kəs həm də üz sipərindən istifadə edir. Dörd giriş-çıxışı olan məktəbdə şagirdlərin həmin girişlərdən ayrı-ayrı vaxtlarda istifadə etmələrinə mütəmadi nəzarət olunur. Dərs saatları sürüşdürmə prinsipi ilə qurulub.

Məktəb bufeti işləmir. Məktəb tualetləri təkcə pandemiya dövründə deyil, ondan əvvəl də diqqət mərkəzində olub. Daim müzakirələrə səbəb olan bu məsələyə indi xüsusilə diqqət yetirilir. Tualetlərə maye sabun, nəm və quru salfetlər, tualet kağızı qoyulub.

Təhsil müəssisəsində məktəbəhazırlıq qrupları da təşkil olunub. 113 nəfər azyaşlının təhsilə başladığı məktəbdə onların da rahatlığı və təhlükəsizliyi düşünülüb.

Məktəbin həkimi Xatirə Rəhimova gün ərzində şagirdlərin təkcə bədən hərarətinə deyil, ümumiyyətlə, sağlamlığına nəzarət etdiyini deyir. Gün ərzində kabinetdə oturmayaraq, vaxtaşırı siniflərə daxil olur, ümumi vəziyyətə nəzarət edir. Onun sözlərinə görə, məktəb pandemiya şəraitində şagirdlərinin tam təhlükəsiz təhsil almasını təmin etmək iqtidarındadır.

10 nömrəli tam orta məktəbin direktoru Elnarə Həsənovanın sözlərinə görə, 1646 şagirdi olan məktəbdə vəziyyət təlimata uyğun tənzimlənir:

“Məktəbimizdə təmizliyin təmin olunması, mütəmadi dezinfeksiya işlərinin görülməsi üçün hər hansı çətinliyimiz yoxdur. Bütün bunlar bizə Təhsil Nazirliyi tərəfindən vaxtında və problemsiz çatdırılır. Ötən həftə Gigiyena və Epidemiologiya Mərkəzindən nümayəndələr də məktəbimizdə oldu. Karantin pejimində, ümumiyyətlə pandemiya şəraitində uymalı olduğumuz qaydaların tətbiqi vəziyyətilə maraqlandılar. Hər hansı iradları olmadı”.

Məktəb direktorunun sözlərinə görə, qaydalara tam əməl etdikləri nəticələrdən də görünür. Belə ki, indiyədək məktəb şagirdləri və müəllimlər arasında virusa yoluxan olmayıb:

“V-IX siniflərin dərsi başlamadan öncə bir şagirdimizin valideyninin virusa yoluxduğu barədə məlumat verilmişdi. Həmin şagirdimiz bir müddət dərslərə qatılmadı. Məktəbimizin şagirdləri və kollektivi arasında indiyədək hər hansı yoluxma qeydə alınmayıb”.

“Mən də evdə Mədinənin mənə qoyduğu bu qaydalara əməl edirəm”

Məktəbdən çıxarkən bir valideynlə qarşılaşırıq. Burada Ramilə Məmmədovanın qızı oxuyur. Dediyinə görə, o da uzaqdan məktəbdə görülən işləri maraqla izləyir:

“Məktəbizmiz həmişə səliqəli olub. Buradakı təmizlikdən çox razıyam. Xirdalandaki ən yaxşı məktəblərdən biridir məktəbimiz. Burada uşaqlara qaydaları elə təlqin edirlər ki, məktəbdən sonra onlar da bizə nəzarət edirlər.

Qızım Mədinə VII sinif şagirdidir. Evdə hər kəsin əlinin təmizliyinə o diqqət edir. Sinifdə alışdıqları məsafəyə evdə də əməl edir. Düzdü, əvvəllər mənə gülməli görünürdü, ancaq uşaqlarımızın öyrəndikləri qaydalara məsuliyyətlə əməl etdikləri xoşuma gəlir. Mən də evdə Mədinənin mənə qoyduğu bu qaydalara əməl edirəm”.
Oxu.az

Xəbər lenti