Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm günləri” yekunlaşıb.
UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru professor Ədalət Muradov “Elm günləri” çərçivəsində UNEC-də elmi fəaliyyətin müxtəlif istiqamətləri üzrə geniş müzakirələrin təşkil olunduğunu bildirib. Rektor müzakirələr zamanı aşkarlanan zəif cəhətlərin aradan qaldırılması ilə bağlı müvafiq qərarlar verildiyini diqqətə çatdırıb.
Professor Ədalət Muradov elm sahəsində əldə olunan uğurlardan da danışıb. O, universitetin alimlərinin 1975-ci ildən 2024-cü ilədək “Web of Science” və “Scopus” platformalarında dərc olunan məqalələrinin 63 faizinin məhz son 5 ilin payına düşdüyünü qeyd edərək, bu statistikanı çox böyük uğur adlandırıb. Qeyd olunub ki, AMEA-nın tədqiqat institutları da daxil olmaqla, UNEC Q1 kvartelli jurnallarda dərc olunan məqalələrinin sayına görə ölkədə 1-ci yerdədir.
Ədalət Muradov məqalələrə istinad sayına görə elm sahəsində beynəlxalq şəbəkələşmənin olmamasını mənfi hal kimi qiymətləndirib.
Sonra UNEC-in elm üzrə prorektoru dosent Fariz Əhmədov “Elm günləri” çərçivəsində keçirilən müzakirələr və onların nəticələri barədə yekun hesabatla çıxış edib. O bildirib ki, “Elm günləri”ndə tədqiqatçıların rəqəmsal resurslardan istifadə imkanlarının genişləndirilməsi, elmi jurnalların və konfrans materiallarının nüfuzlu beynəlxalq platformalarda indekslənməsi, tədqiqat mərkəzlərinin potensialının gücləndirilməsi, magistr və doktorluq dissertasiya işlərinin keyfiyyətinin artırılması, beynəlxalq qrant layihələrinə müraciət qaydaları və onların idarə olunması, dissertasiya şuraları və elmi seminarların fəaliyyətinin təkmilləşdirilməsi, elmin rəqəmsallaşdırılması, tələbələrin tədqiqat bacarıqlarının artırılması yolları ilə bağlı geniş müzakirələr aparılıb. Eyni zamanda, sadalanan sahələr üzrə mövcud problemlərin aradan qaldırılması ilə bağlı qərarlar qəbul edilib.
Tədbirdə “2023-cü ilin elmmetrik göstəriciləri. İnfoqrafik məlumat” kitabının təqdimatı da olub.
Sonda elmi fəaliyyəti ilə fərqlənən UNEC əməkdaşları, tələbə və tədqiqatçıları, tədqiqat mərkəzləri, kafedraları təşəkkürnamələrlə təltif olunub.