Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində “Analar məktəbi” istifadəyə verilib.
Muxtar respublikanın Səhiyyə Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, bu münasibətlə mərkəzdə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov Perinatal Mərkəzdə "Analar məktəbi" bölməsinin yaradılmasının əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, bu məktəb vasitəsilə analara orqanizmlərində baş verən dəyişikliklər, onların dünyaya gətirdikləri uşaqlarla bağlı, onlara necə yanaşmaları, qidalanması və digər prosedurlar izah ediləcək. “Analar məktəbi” ilk olaraq Naxçıvan şəhərində fəaliyyətə başlayır. Yaxın dövrdə Şərur Regional Tibb Mərkəzində və Culfa Regional Tibb Mərkəzində də layihənin həyata keçirilməsi nəzərdə tutulub. “Bu işlərin həyata keçirilməsində bizə BMT-nin Uşaq Fondu dəstək göstərir. Onlarla birgə Perinatal Mərkəzin “Körpə Dostu Klinikası” statusunu alması üçün təlimlərə başlamışıq. Düşünürük ki, Mərkəz bu statusu almaqla BMT-nin siyahısına düşəcək”, - deyə o əlavə edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Malikqızı "Analar məktəbi” layihəsinin həyata keçirilməsinin mühüm əhəmiyyət daşıdığını önə çəkib.
Perinatal Mərkəzin baş həkimi Nəzakət Gülməmmədova bildirib ki, hamilə qadınlar arasında qeysəriyyə əməliyyatına normal doğuşa nisbətən üstünlük verənlər çoxluq təşkil edir. "Analar məktəbi" layihəsinin həyata keçirilməsinin əsas səbəbi hamilə qadınları normal doğuşun üstünlükləri, yenidoğulmulara qulluq qaydalarını izah etməkdən ibarətdir.
Mərkəzin neanotoloqu Könül Rzayeva bildirib ki, bura müraciət edən hamilə qadınların həkim nəzarəti altında müvafiq idman hərəkətlərini yerinə yetirməsi üçün hər cür şərait yaradılıb.
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova yeni açılan bölmənin ana və uşaq sağlamlığına mühüm töhfə verəcəyinə əminliyini bildirib.