Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun qoşun növləri, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində 2016-cı ilin Aprel döyüşlərində qazanılan qələbənin səkkizinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Tehsil.biz xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbi qulluqçular, Aprel döyüşlərinin iştirakçıları, şəhid ailə üzvləri və ictimaiyyət nümayəndələri İkinci Şəhidlər xiyabanını ziyarət edərək şəhid məzarları önünə gül çələngləri, qərənfillər düzüb, unudulmaz şəhidlərimizə ehtiramlarını bildiriblər.
Keçirilən tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Aprel döyüşlərinin başvermə səbəbləri, Azərbaycan əsgərinin bu döyüşlər zamanı peşəkarlıq, şücaət, qəhrəmanlıq nümunələri göstərərək düşmənə dağıdıcı və sarsıdıcı zərbələr vurmasından danışıblar. Aprel döyüşlərində qazanılan qələbənin uğurlu Günnüt əməliyyatında, Tovuz döyüşlərində, Vətən müharibəsində, o cümlədən lokal xarakterli antiterror tədbirləri zamanı əldə etdiyimiz möhtəşəm Zəfərin başlanğıcı olduğu vurğulanıb.
Tədbirlərin bədii hissəsində Aprel döyüşlərinə həsr olunan sənədli filmlər nümayiş olunub, şeirlər səsləndirilib, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərlik mövzusunda musiqi nömrələri və ədəbi-musiqili kompozisiya təqdim edilib.
Həmçinin hərbi qulluqçularımız şəhid ailələrinə baş çəkərək onların qayğı və istəkləri ilə maraqlanıblar.