Logo

BMU-nun xanım əməkdaşına professor elmi adı verilib

04.04.2024 22:59 349 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarı ilə Bakı Mühəndislik Universitetinin (BMU) Azərbaycan dili və pedaqogika kafedrasının müdiri, filologiya elmləri doktoru Təranə Hacıyevaya professor elmi adı verilib.

Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirlib.

Təranə Hacıyeva 2008-ci ildə “Qloballaşmanın dilə təsirinin linqvopolitoloji problemləri” mövzusunda elmlər doktoru dissertasiyasını uğurla müdafiə edib. Аzərbаycаn dilçilik elmində ilk linqvopolitoloji tədqiqаt sayılan “Linqvopolitologiyanın aktual problemləri” adlı monoqrafiyanın müəllifidir. Kitab şəklində nəşr olunan monoqrafiyada “Linqvopolitologiya fənlərarası elm sahəsi kimi”, “Linqvopolitologiyanın nəzəri məsələləri”, “Linqvopolitologiyanın predmet və problemləri”, “XXI əsrin səciyyəvi dilxarici və dildaxili amillərinin linqvopolitoloji aspekti”, “Dil siyasəti”, “Qloballaşma və lokallaşma proseslərinin türk dövlətlərinin dil siyasətinə təsiri” və “Müstəqil Azərbaycanın dövlət dil siyasətinin hüquqi-linqvistik cəhətləri” mövzuları əhatə olunub. Kitabdakı elmi qənaət və müddəalara gələcək elmi araşdırmalarda mənbə kimi müraciət etmək mümkündür.

Təranə Hacıyeva, həmçinin “Bədii mətnin linqvistik təhlilinin nəzəri məsələləri” adlı dərs vəsaitinin müəllifidir. Kitabda bədii dil nümunələrinin linqvistik, linqvopoetik, koqnitiv və mentalinqvistik mənzərəsi dil nəzəriyyəsi müddəalarına söykənməklə müxtəlif dillərə, dövr və janrlara aid zəngin bədii dil faktları əsasında geniş təhlilə cəlb edilib. Vəsait ali məktəblərin filologiya fakültələrinin bakalavriatura və magistratura pillələrinin ixtisas fənləri arasında yer alan “Bədii mətnin linqvistik təhlili” fənninin tədrisi üçün nəzərdə tutulub.

Xəbər lenti