Müəllim - bütün dövrlərin xilaskarı, üzərinə böyük vəzifələr düşən, dünyanın tarix səhnəsində adını yazdıran hər kəsin yolunun ən gözəl bələdçisidir.
“Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı” deyən Sokratın bu fikrində bütün dövrlərin ən nüfuzlu insanı müəllimin gücü və mənəvi ucalığını hiss etmək mümkündür. Müəllim təkcə bilik öyrətmir, bəzən qayğıkeş bir insan, sirlərimizi bölüşəcəyimiz yaxın dostumuza çevrilir, bizə cəhalətin qaranlığında mayak olan, həyatın enişli-yoxuşlu, bəzən fırtınalı yollarında əlimizdən tutan doğmamızdır! O bizim parlaq sabahımızın təməlidir! Hər birimizin mənəvi borcumuz var müqəddəs müəllim varlığı qarşısında. Və hər zaman minnətdar olacağımız bir insan var həyatımızda. O mənim müəllimimdir. O şəhid dostum, vətən sevdalı Altun Əliyevin müəllimi olub. O hər kəsin müəllimidir.
Azərbaycan dili üzrə təlimçi Taibova Aynurə Hüseyn qızı 1989-cu il 6 aprel tarixdə Rusiya Federasiyasının Nijnekamsk şəhərində dünyaya göz açıb.1996cı ildə isə Bakı şəhər Xətayi rayonu 63 saylı tam orta məktəbə gedib.2007-2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunda Filologiya fakültəsi üzrə bakalavr təhsili alıb. 2017-cil ildə MİQ imtahanında uğur qazanaraq Quba rayon Rizvan Cəbrayılov adına Təngəaltı kənd tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlayıb. Rusiyada doğulub, Bakıda təhsil alıb, amma işləmək üçün şəhərin rahatlığını Qubanın ucqar dağ kəndinə dəyişən, öz həyatını kənddə qurub, “orda mənə daha çox ehtiyac var” – deyib bizi sevən və seçən müəllim. Kəndimizdə işlədiyi ilk vaxtlardan təhsilimiz üçün canla-başla və peşəsinə böyük məhəbbətlə, uşaqların təlim-tərbiyəsinə xüsusi həssaslıqla yanaşdığının şahidiyik. Əlbəttə, bütün bunlar bir müəllimdə olması gərəkən ən vacib amillərdəndir. Nəzərə alsaq ki, bir neçə il öncə qız uşaqlarının oxuması valideynlər tərəfindən bir o qədər xoş qarşılanmırdı. O zaman bir müəllimin gəlişindən sonra onlarla fidanlarımızın təhsil yolunu seçməsi müəllim qüdrətinin, müəllim ucalığının eyni zamanda bir müəllim mücadiləsinin göstəricisidir. Əlindən gələni və daha artığını etdi bizim üçün tək öyrətməklə kifayətlənmədi, həm də dəstək oldu, problemlərimizlə yaxından maraqlandı. O elm fədaisi kimi körpələrimizin gələcəyinin qurucusuna çevrildi. Hazirda regionalın ən fəal gənc müəllimləri sırasında Aynurə müəllimənin adını görmək qürurvericidir. Müxtəlif universitetlərdən, o cümlədən rayonumuzda Qubada Pedaqoji Universitetdən məzun olan onlarla gənc müəllimimizin zərrələri, dünənindən bu gününə, bugünündən sabahına körpü olan ümidləridir. Bu həm də İlahinin Aynurə müəlliməyə bəxş etdiyi bir gözəllikdir, qəlblərdə sevgiylə var olmaq, həyatlara sehirli toxunuş etməyi bacarmaq. Platonun da dediyi kimi, “Müəllimlik, hər şeydən əvvəl, bir Tanrı sənətidir”. O isə bu sənətin öhdəsindən layiqincə gəlməklə kifayətlənmir ,daim yenilik axtarışında,daim öyrənmək həvəsində və şagirdləri üçün hər şeyin ən yaxşısını etmək arzusundadır. O xalqsevər, insanpərvər, xeyirxahdır. Qəlbinin hər köşəsi, bütünlüklə varlığı ilə insanlıq üçün ən gözəl nümunədir. Bəzən onun qəlbindəkiləri bir baxışından anlamaq, kiçicik ürəyində dünya boyda sevgi yaşatdığını hiss etmək mümkündür. Bütün bunlar isə cild-cild yazılacaq bir romana bərabər yaşantılardır.
Yadımdadır, dostum Altunun şəhid xəbəri gələndə necə sarsılmış, gözləri qan-yaşla dolmuşdu. Günlərlə özünə yer tapa bilmirdi. Axı Altun onun ən sevimlisi idi. Bibisi deyir ki, hətta bir dəfə söhbət əsnasında Aynurə müəllimə müəyyən səbəblərdən kənddən şəhərə köçüb işləmək istədiyini bildirəndə Altun çox kədərlənib və müəlliməsinə “əyər siz bu kənddə qalsanız oxuyacam, getsəniz mənim arzularım elə arzu olaraq qalacaq” - deyə bildirib. Altun hamımız kimi yaxşı bilirdi ki, Aynurə müəllimə bizə sonsuz inanan, təhsil almağımızı hər şeydən çox istəyən tək ümidimiz idi. İndi Aynurə müəllimə hər o məhlədən evlərinin önündən keçib səhər işə gedəndə Altuna verdiyi sözü xatırlayır. Kənddə qalmalı, heç bir çətinliyə baxmayaraq təhsilimiz üçün çalışmalıdır.Kənndə ilk və tək abituriyent hazırlığı kursunu da müəlliməmiz təşkil etmişdir.O hər birimizi öz doğması kimi sevir, vətənimiz üçün layiqli vətəndaşlar yetişdirmək məsuliyyətini bütün varlığı ilə hiss edir.
Bu gün Azərbaycanımız əzəmətlə işıqlı sabahlara doğru irəliləyir. Müzəffər ali baş komandanımız, cənab İlham Əliyevin rəhbərliyi ilə atdığımız hər addımda isə həm milli, həm də bəşəri dəyərləri özündə əks etdirən, qəlbi vətənpərvərlik hiss ilə döyünən, torpağımızın hər qarışı uğrunda canlarını fəda edən elmli gənclərimiz var və olacaqlar.Heç şübhəsiz çağdaş gəncliyimizin yüksək mənəvi keyfiyyətlərini formalaşdıran isə ölkəmizdə milli təhsil siyasətimizi uğurla həyata keçirən bir müəllim ordusudur. Məhz Azərbaycan müəllimi sabahın hərtərəfli zəkaya sahib vətəndaşlarını yetişdirir. Gəlişi ilə həyatımıza tək bir müəllim gəlmədi, o hər birimizin taleyinə bir günəş kimi doğdu, nurundan nur payladı,düşüncəmizdə və həyatımızda illərlə var olan imkansız hər şeyi yox etdi, təhsil almaq bizim ən böyük öncəliyimizə çevrildi beləcə arzu saraylarını birgə inşa etdik. Savadsızlıq və haqsızlığa qarşı barışmaz mövqeyi olan Aynurə müəllimənin xəyalı bəzən bu mühitdən uzaqlaşır ülvi, pak, romantik bir aləmdə qərar tutur. Onun hər kəlməsində Mirzə Ələkbər Sabir satirasının ruhu, Mirzə Cəlilin təhsilli millət üçün mübarizə əzmi bəzən Füzuli və Nizami eşqinin ucalığı müəllim ruhunda aydınca hiss olunur.
Hər axşam qürub edən günəş hər səhər yenidən doğduğu kimi, müəllim də yaşının üstünə yaş gəldikcə ömrünün qürub çağını yaşasa da, şagirdlərinin simasında hər gün yenidən doğur, yenidən nur saçır taleyimizə.Bu gün müəlliməmizin doğum günüdür.
Əziz Aynurə müəllimə, sizə sağlıqlı həyat və pedaqoji fəaliyyətinizdə bol uğur arzu edirik. Siz həmişə var olun və çox yaşayın. Ömrü ömürlərə paylanan nurdu, safdır, müqəddəsdir, müəllim ömrü. Ömürlərə saçılan nurunuz əbədi olsun!
Məleykə Qafarova, BDU Jurnalistika fakültəsinin tələbəsi