Qazax Müəllimlər Seminariyası/ ADA Universitetinin Qazax Mərkəzində “Vətənimsən, Azərbaycan!” müsabiqəsinin final mərhələsi keçirilib.
Bu barədə "Tehsil.biz"ə ADA Universitetindən məlumat verilib.
ADA Universitetinin Qazax Mərkəzi tərəfindən Gəncə-Daşkəsən və Qazax-Tovuz Regional təhsil idarələri (RTİ) ilə birgə 9-cu sinif şagirdləri arasında keçirilən müsabiqənin məqsədi onların Azərbaycan tarixi, coğrafiyası, dili, ədəbiyyatı, musiqisi və incəsənətinə dair mövcud biliklərini aşkar etmək və zənginləşdirmək, eləcə də məktəblilərin azərbaycançılıq və vətənpərvərlik ruhunda yetişmələrinə dəstək verməkdir.
Üç mərhələdən ibarət müsabiqənin ilk mərhələsi məktəbdaxili olmaqla, Qazax-Tovuz RTİ və Gəncə-Daşkəsən RTİ-yə aid olan 250-yə yaxın ümumtəhsil məktəbinin iştirakı ilə baş tutub. İkinci mərhələyə uğurla keçən 371 şagird hər iki regional təhsil idarəsinə aid olan rayon mərkəzlərində müsabiqədə iştirak ediblər. Yüksək nəticə göstərən 24 şagird təhsil aldıqları məktəbləri təmsil edən beş nəfərlik komanda ilə Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli məktəbdə və ADA Universitetinin Qazax Mərkəzində keçirilən yarımfinala qatılıb. Yüksək nəticə göstərən altı komanda final mərhələsinə vəsiqə qazanıb.
İntellektual-interaktiv oyun formatında keçirilən final mərhələsində isə şagirdlərə Azərbaycanın tarixini, dilini, ədəbiyyatını, coğrafiyasını və mədəniyyətini əhatə edən 20 sual təqdim olunub.
Ən yüksək nəticə göstərmiş komandalar - Tovuz rayon Əlimərdanlı kənd M. Musayev adına tam orta məktəbin komandası 1-ci yeri, Qazax şəhər M. Hüseyn adına Humanitar və Təbiət fənlər təmayüllü məktəb-liseyin komandası 2-ci yeri, Gəncə şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin komandası 3-cü yeri tutub. Qaliblər hədiyyələr və sertifikatlarla mükafatlandırılıblar.
Qeyd edək ki, bu müsabiqə şagirdlərin azərbaycançılıq ideyaları və onun məzmunu barədə biliklərini artırıb, onları komanda şəklində çalışmağa və birgə işə ruhlandırıb.