Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının hüquqşünaslıq ixtisasının IV kurs tələbələri Minarə Rüstəmzadə və Xanım Quliyeva “Gənc Avropa səfiri” seçiliblər.
Universitetdən "Tehsil.biz"ə bildirilib, “Gənc Avropa səfirləri” (YEAs) təşəbbüsü 2016-cı ildə Avropa İttifaqının (Aİ) Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) çərçivəsində icra olunmağa başlayıb. Bu, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna, Ermənistan, Aİ-yə üzv ölkələrdən və Birləşmiş Krallıqdan olan gənclər arasında dostluq münasibətləri quran və onları bir-biri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir. Şəbəkənin məqsədi Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, müxtəlif mövzularda siyasi dialoqa töhfə vermək və daha yaxşı gələcək üçün birlikdə çalışmaqdır.