Bakı Slavyan Universiteti (BSU) və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevə həsr edilən “Heydər Əliyev - Unudulmaz Lider” adlı foto və xalça sərgisinin təqdimatı olub.
Bu barədə "Tehsil.biz"ə BSU-dan məlumat verilib.
Tədbiri açan BSU-nun rektoru Anar Nağıyev belə sərgilərin universitetdə keçirilməsinin artıq ənənə halını aldığını bildirib. Rektor ötən il dekabrın 29-da “Heydər Əliyev İli" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırovun Ulu Öndərin fotolarından ibarət möhtəşəm sərgisinin də məhz BSU-da keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, “Heydər Əliyev - Unudulmaz Lider” adlı foto və xalça sərgisinin özəlliyi onun yalnız texniki olaraq xalça üzərində qurulmağından ibarət deyil. Sərgidə nümayiş olunan əsərlər Ulu Öndərin müasir müstəqil Azərbaycan dövlətinin banisi, Azərbaycan dövlətini tamamilə yeni bir mərhələyə çıxarmış lider olaraq şəxsi keyfiyyətlərinin, formalaşdırdığı dəyərlərin Prezident İlham Əliyevə necə ötürülməsini əks etdirir. Sərgidə 44 şəklin nümayiş etdirildiyini diqqətə çatdıran Anar Nağıyev gənclərin bununla Ulu Öndərin yaratdığı tarixə söykənən milli-mənəvi dəyərlər üzərindən formalaşmış siyasətinin Müzəffər Ali Baş Komandan tərəfindən çox böyük uğurla həyata keçirilərək məhz 44 gün ərzində Azərbaycanın uzun bir dövrünün probleminin həll olunmasının mesajını verdiyini qeyd edib. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda qazi və şəhid olmuş həmvətənlərimizə, Müzəffər Ali Baş Komandana hər zaman minnətdar olacağımızı bildirib, bütün bunların isə Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dəyərlər üzərindən İlham Əliyevin ölkəmizə rəhbərlik etməsinin nəticəsi olduğunu deyib. Rektor ali təhsil müəssisələrinin üzərinə Ulu Öndər Heydər Əliyevin yaşatdığı, Prezident İlham Əliyevə ən yüksək zirvəyə çatdırdığı dəyərləri yaşatmaq kimi böyük məsuliyyət düşdüyünü bildirib. Anar Nağıyev “Biz azərbaycanlı olmağımız, bu xalqın məhz Ulu Öndər Heydər Əliyev kimi lideri, Prezident İlham Əliyev kimi ali rəhbəri olmağı ilə həmişə qürur duyacağıq”, - deyə qeyd edib.
Çıxışının sonunda rektor “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin bu təşəbbüsünü yüksək qiymətləndirib.
Tədbirdə Milli Məclisin deputatları Aydın Mirzəzadə, Musa Qasımlı və Vüqar İsgəndərov çıxış ediblər. Çıxışlarda şəkillərə baxarkən Ulu Öndərin timsalında Azərbaycan xalqının potensialının görüldüyü, bu sərginin, eyni zamanda, ailə dəyərlərinin təcəssümü olduğu bildirilib. Gənclərin belə təşəbbüsünün təqdirəlayiq hal olduğu qeyd edilib.
Sonda “Qeyd-Sosial Maarifləndirmə" İctimai Birliyinin sədri Tural Nurməmmədov layihə haqqında məlumat verib.
Sərgi çərçivəsində Ulu Öndər Heydər Əliyevin şəxsi və ailə üzvləri ilə olan xüsusi fotolarının əks olunduğu xalçalar nümayiş etdirilib.