Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Bank tərəfindən tələbələr üçün məlumatlandırıcı sessiya keçirilib.
UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, bankın əməkdaşları Nigar İsayeva, Zəhra Naxçıvani və Səbinə Məmmədova təqdimatla çıxış edərək bankın fəaliyyəti, təcrübə proqramları, işə qəbul prosesi barədə məlumat veriblər. Eyni zamanda, gənclərin uğurlu karyera yolunda inamla irəliləməsinə təkan verilməsi məqsədilə bank tərəfindən həyata keçirilən “Maliyyəçisən” təcrübə proqramından danışıblar. Qeyd olunub ki, proqramda bakalavriat və magistratura səviyyəsi üzrə ikinci və daha yuxarı kursların iqtisadiyyat, maliyyə, statistika, biznesin idarə edilməsi, dövlət idarəçiliyi ixtisaslarından olan tələbələri iştirak edə bilərlər.