Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının hüquqşünaslıq ixtisasının IV kurs tələbəsi Rüstəm Əzimzadə Serbiyanın paytaxtı Belqrad şəhərində “Diplomatiya və hüquq” mövzusunda qış hüquq məktəbində iştirak edib.
Universitetdən "Tehsil.biz"ə bildirilib ki, qış məktəbi “ELSA (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası) Belgrade” tərəfindən keçirilib. Burada dünyanın 17 ölkəsindən 50 hüquq tələbəsi müxtəlif akademik və sosial proqramlara cəlb edilib.
Qeyd edək ki, proqram çərçivəsində “Qloballaşma”, “Avropa İttifaqı ilə Serbiya Respublikası arasında diplomatik əlaqələr”, “Avropa İttifaqının statusu, perspektivləri və gələcəyi”, “Rəqəmsal diplomatiya”, “Avropaya inteqrasiya proseslərinin yenidən qurulması”, “İnsan hüquqları diplomatiyası və sosial prosedurlar” kimi mövzularda təlim və seminarlar keçirilib. Qış hüquq məktəbinin iştirakçıları, həmçinin Serbiyanın Diplomatiya Muzeyində, Milli Bankında, Xarici İşlər Nazirliyində, Konstitusiya Məhkəməsində və Belqrad şəhərinin müxtəlif görməli yerlərində olublar.
Proqramın sonunda fəal iştirakına görə fərqlənən tələbələrə sertifikat və hədiyyələr təqdim edilib.