“Təhsil-elm-istehsalat” formatında fəaliyyətini mütəmadi olaraq genişləndirən Bakı Dövlət Universitetində (BDU) təbiət-dəqiq və humanitar-ictimai elm sahələri üzrə 75-dən çox elmi istiqamətdə aparılan tədqiqatlar uzun illərdir formalaşmış BDU elmi məktəblərində uğurla davam etdirilir.
Universitetdən "Tehsil.biz"ə bildirilib ki, multidisiplinar və interdisiplinar sahələri əlaqələndirməyə imkan verən elmi-tədqiqat infrastrukturuna malik olması, məhz öz akademik heyətinin və tələbələrinin elmi fəaliyyəti nəticəsində alınan və ölkəmizin sosial-iqtisadi problemlərinin həllində istifadə edilə biləcək fundamental və tətbiqi xarakterli elmi nəticələri ilə BDU elmin etik normalarına riayət edir, plagiatla mübarizə aparır, yeni və etibarlı elmi nəticələri tətbiq edir.
BDU-da elmi fəaliyyət üzrə kompleks tədbirlərin həyata keçirilməsi elmi nəticələrin keyfiyyətinin kifayət qədər artmasına səbəb olub.
Belə ki, “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, BDU-nun Hirş indeksi 2019-cu illə müqayisədə 1,7 dəfə artaraq 62 olub. Hər bir əsərə istinadların orta sayı isə 7,81-ə qədər yüksəlib.
Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaş, doktorant və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 4298 elmi əsər çap edilib. Bu əsərlərə 33000-dən çox istinad olub. Əsərlərə təkcə 2023-cü ildə 6807 istinad edilib ki, bu da 2018-ci ildə edilən istinadların sayından 3,8 dəfə, 2019-cu ildəkindən isə 3 dəfə çoxdur.
2023-cü ildə “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 277 əsər (2023-cü il üzrə yekun nəticələr tam deyil, 2024-cü ilin ilk yarımilliyində tamamlanacaq) nəşr edilib. Dərc olunmuş elmi əsərlərin 124-ü açıq girişə malikdir. Həmçinin cari ilin ilk 3 ayı ərzində bazaya daxil olan dərgilərdə BDU tərəfindən 38 elmi əsər çap edilib.
Həm struktur islahatlarının aparılması, həm də prioritet istiqamətlərin dəqiqləşdirilməsi 2023-cü ildə elmi nəticələrin keyfiyyətinin kifayət qədər artmasına səbəb olub. Belə ki, BDU əməkdaşlarının 2023-cü ildə Q1 və Q2 kateqoriyalı jurnallarda 101 məqaləsi dərc olunub.
Onu da qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında yenə liderdir.