Aprelin 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin II mərhələsi üzrə imtahan keçirilib.
Universitetin mətbuat xidmətindən "Tehsil.biz"ə bildiriblər ki, ADPU və onun filiallarının bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələr üçün təşkil edilən “Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin keçirilməsində əsas məqsəd bu ali təhsil ocağının istedadlı tələbələrini aşkarlayaraq onların peşəkar inkişafına dəstək göstərmək və gələcək kadr bankı formalaşdırmaqdır.
Müsabiqənin martın 10-da keçirilən I mərhələsində uğur qazanaraq növbəti mərhələyə keçən 239 nəfərdən 224-nün qatıldıqları II mərhələdə iştirakçıların məntiqi təfəkkürlərini, informasiya ilə iş qabiliyyətlərini və verbal təhlil bacarıqlarını yoxlayan suallar təqdim olunub.
Xatırladaq ki, “Sən də bacararsan!” şüarı ilə keçirilən müsabiqənin 10 qalibinin hər birinə 1000 AZN məbləğində pul mükafatı və digər hədiyyələr, xarici dil və İT üzrə ödənişsiz kurslar, Təşkilat Komitəsi tərəfindən təyin olunacaq mentorlarla 1 illik peşəkar inkişaf proqramı (proqramın sonunda müvafiq referans məktubu veriləcək) və kadr bankına əlavə edilmə imkanı verilir. Eyni zamanda, müsabiqənin finalçıları da kadr bankına əlavə olunmaqla onlara da müvafiq sertifikatlar və hədiyyələr təqdim ediləcək.
Müsabiqə ümumilikdə 4 mərhələdən ibarətdir. İkinci mərhələdə uğur qazanan iştirakçılar yarımfinal mərhələsinə vəsiqə əldə edəcəklər.