Logo

“Arab News” qəzeti azərbaycanlıların soyqırımı barədə məqalə dərc edib

08.04.2024 10:00 270 baxış
IMG

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayevin 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqaləsi Səudiyyə Ərəbistanı Krallığının “Arab News” qəzetində ingilis dilində dərc olunub.

Səfirlikdən "Tehsil.biz"ə bildirilib ki, səfir 31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə radikal erməni qruplaşmalarının irqi ayrı-seçkilik və dözümsüzlüyünün qurbanı olmuş, sistematik etnik təmizləmə və soyqırımına məruz qalmış günahsız həmvətənlərimizin xatirəsinin yad edildiyini diqqətə çatdırıb.

Müəllif qeyd edib ki, tarix boyu azərbaycanlıların doğma torpaqlarında etnik təmizləmənin həyata keçirilməsi istiqamətində mövcud bütün üsullardan istifadə edən radikal ermənilər 1918-ci ilin mart-aprel aylarında həmvətənlərimizə qarşı amansız qırğınlar törədiblər. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, habelə digər bölgələrdə yaşayan on minlərlə azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib, bir çox yaşayış məntəqələri, dini-mədəni abidələr dağıdılıb. Kütləvi qırğınlar nəticəsində, təkcə Qubada xüsusi qəddarlıqla 16.000-dən artıq insan qətlə yetirilib, 167 kənd məhv edilib.

Məqalədə o da vurğulanır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra mart hadisələrinin tədqiq edilməsi, habelə cinayətkarların məsuliyyətə cəlb olunması üçün Fövqəladə İstintaq Komissiyası yaradılıb, Komissiyanın müəyyən etdiyi dəlillər əsasında törədilən cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açılıb, Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olunub. Lakin AXC-nin süqutu baş verən hadisələrin tam şəkildə araşdırılması, habelə mart qırğınlarına siyasi-hüquqi qiymətin verilməsi prosesini yarımçıq qoydu.

“Yalnız müstəqilliyimizin yenidən bərpasından sonra Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı ilə hadisələrə adekvat siyasi qiymət verilib, 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib”, -deyə yazıda vurğulanıb.

Xəbər lenti