Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 14-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək.
DİM-dən "Tehsil.biz"ə bildirilib ki, imtahan saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaq.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir.
İmtahan vermək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Namizədlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
-şəxsiyyəti təsdiq edən sənədin əsli;
-imtahana buraxılış vərəqəsi.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 10 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 506, BB qrupu üzrə 2258 olmaqla, ümumilikdə 2764 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 10 ümumi imtahan rəhbəri, 28 imtahan rəhbəri, 239 nəzarətçi və 40 buraxılış rejimi əməkdaşı ayrılıb.