“Azərbaycan hərb tarixi (ən qədim dövrlərdən XX əsrə qədər)” kitabı ingilis dilində çapdan çıxıb.
Tehsil.biz xəbər verir ki, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan elmi əsər Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda hazırlanıb. Nəşrin müəllifləri İnstitutun professoru, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyev, Heydər Əliyev Mərkəzinin Tədbirlərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosenti Səbuhi Əhmədov, Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun dosenti Nərminə Əmirbəyovadır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən hazırlanan kitabda qədim dövrlərdən XX əsrin əvvəllərinədək Azərbaycan ərazisində baş vermiş əsas hərbi-siyasi hadisələr və müharibələr təhlil edilib, həmçinin hərbi-tarixi təfəkkürün yaranması və təkamülü kompleks şəkildə öyrənilib. Nəşrdə Azərbaycanda hərb işinin yaranması və inkişafı dövrü barədə də ətraflı məlumat verilir.
Çoxsaylı mənbə və ədəbiyyat əsasında hazırlanan əsərdə Azərbaycanda hərb işinin yaranma tarixi və hərb sənətinin inkişafının xüsusiyyətləri, hərbi sistem və döyüş əməliyyatları taktikası, istehkam və müdafiə qurğularının əhəmiyyəti, müxtəlif növ silahların istehsalı, onların hərbi əməliyyatlarda istifadəsi üsulları və döyüş taktikasına təsiri məsələləri mühüm yer tutub.
Monoqrafiyada dövrün hərbi-siyasi tarixi, həmçinin hərb sənətinin xüsusiyyətləri xronoloji ardıcıllıqla əks olunub. Kitab çoxlu sayda tarixi xarakterli illüstrativ materialla zənginləşdirilib. Nəşrə dövlətlərin, yürüşlərin xəritələri, döyüş əməliyyatlarının, yürüşlərin və döyüş düzülüşlərinin sxemləri, tarixi silahların fotoşəkilləri, miniatürlər, o cümlədən müxtəlif sənəti nümunələri daxil edilib.
Ən qədim dövrlərdən XX əsrə qədər Azərbaycanın hərb tarixinin öyrənilməsi və müvafiq ümumiləşdirilməsinin aktuallığı, problemin Azərbaycan tarixşünaslığında konkret–tarixi və konseptual baxımdan araşdırılmaması təqdim edilən tədqiqatın mövzu və məqsədlərini şərtləndirib.
Azərbaycanın ali humanitar və xüsusi təyinatlı tədris müəssisələrinin müəllimləri, tələbə və kursantları üçün nəzərdə tutulub.