Bakı Mühəndislik Universiteti (BMU) Avropa İttifaqının (Aİ) “Horizon 2020” tədqiqat və innovasiya proqramı çərçivəsində reallaşdırılan “CAMPAİGNers” layihəsində yer alan 28 tərəfdaşdan biridir.
BMU-dan "Tehsil.biz"ə bildirilib ki, Avstriyanın “Johannes Kepler” Universitetinin Enerji İnstitutu tərəfindən hazırlanan beynəlxalq layihədə iştirak edən tərəfdaşlar Azərbaycan daxil olmaqla, 14 ölkənin (Türkiyə, Avstriya, Almaniya, Belçika, İsveç, Norveç, Fransa, Finlandiya, Yunanıstan, İtaliya, İrlandiya, Cənubi Afrika, Litva və Peru) universitet, elmi müəssisə və digər təşkilatlarını təmsil edir.
Qlobal iqlim dəyişikliyinin insanların həyat tərzində, iqtisadi davranışlarında yaratdığı təsirlərin, problemlərin həllinə töhfə vermək məqsədi daşıyan layihə çərçivəsində universitetlər üçün dayanıqlı ətraf mühit strategiyaları hazırlanıb. Strategiya “Enerji səmərəliliyi”, “Dayanıqlı nəqliyyat sistemi”, “Tullantıların azaldılması və təkrar emalı”, “Dayanıqlı qida sistemlərinə keçid” və s. bu kimi istiqamətləri əhatə edir. BMU da layihənin əsas tərəfdaşlarından biri olaraq, sözügedən istiqamətlər üzrə tədbirlərin reallaşdırılmasını gerçəkləşdirməklə qlobal iqlim dəyişikliyinin yaratdığı problemlərin aradan qaldırılmasına töhfə verilməsini davam etdirir. Strategiyanın bərpaolunan enerji mənbələrinin istifadəsi üzrə tullantıların azaldılması və təkrar emalı üzrə kampus daxilində tullantıların minimuma endirilməsi və çeşidlənməsi həyata keçirilir. Bundan əlavə, universitet ərazisində günəş panelləri, külək turbinləri quraşdırılıb.
Strategiyanın digər hədəfi olan “Tələbə və işçi heyətin cəlb edilməsi” üzrə məlumatlılığın artırılması və davamlılıq səylərində iştirakının təşviqi üçün seminar və tədbirlər təşkil olunur. “Biomüxtəlifliyin qorunması” istiqamətini da daim diqqətdə saxlayan BMU biomüxtəlifliyin mühafizəsini təşviq etmək, ekoloji mühiti yaxşılaşdırmaq üçün kampusda yaşıl sahələrin inkişaf etdirilməsi və qorunması istiqamətində fəaliyyətini genişləndirir. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən kütləvi ağacəkmə aksiyasında universitet ərazisində 2000-dən artıq müxtəlif növ ağacların əkilməsi bu qəbildən olan tədbirlərdəndir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməyə hazırlaşan Azərbaycanın “Climate Campaigners” beynəlxalq layihəsində təmsil edən BMU-nun iqlim dəyişiklikləri ilə bağlı əldə etdiyi təcrübə bu baxımdan sözügedən sahəyə öz səmərəsini verə bilər.