Logo

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinə start verilir

09.04.2024 12:15 126 baxış
IMG

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinə start verilir.

Tehsil.biz xəbər verir ki, bu barədə gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib.

O, müsabiqənin 5 mərhələdən ibarət olacağını xatırladıb:

“Yüksəliş” müsabiqəsinin dördüncü mövsümü aprelin 14-ü saat 11:00-da onlayn mərhələnin “Ümumi biliklər imtahanı” üzrə sınaq imtahanı ilə başlayacaq. İmtahan hər blok üzrə 25 sual olmaqla “Azərbaycan bloku”, “Dünya bloku”, “İdarəetmənin əsasları”, “Müasir trendlər” blokları üzrə aparılacaq. Ötən illərdən fərqli olaraq, onlayn mərhələ “Ümumi biliklər imtahanı” və CV turu olmaqla iki hissədən ibarətdir. Sistemə giriş isə bir saat öncədən aktiv olacaq".

İşçi Qrupun rəhbəri müsabiqənin bu ilə olan qeydiyyat statistikası haqqında da ətraflı məlumatı bölüşüb:

"Ümumilikdə qeydiyyatdan keçən 15 min 877 nəfər namizədin ərazi üzrə bölgüsündə Bakı, Abşeron-Xızı, Lənkəran-Astara və Qarabağ zonalarından olan namizədlər üstünlük təşkil edirlər. Universitetlər üzrə qeydiyyat statistikasına əsasən, bakalavriat təhsili üzrə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri sayca ilk sıralarda yer alırlar. Sevindirici hal isə ondan ibarətdir ki, ötən illərlə müqayisədə qadın iştirakçıların sayında artım müşahidə olunub".

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Növbəti, sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı dövlət başçısı tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Xəbər lenti