Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarında dövlət-özəl tərəfdaşlığına dair regional forum keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Peşə Təhsil Mərkəzinin infrastrukturu və maddi-texniki bazası ilə yaxından tanış olublar. İştirakçılara mərkəzdə tələbələr üçün yaradılmış imkanlar, tədris olunan ixtisaslar haqqında ətraflı məlumat verilib. Qonaqların diqqətinə çatdırılıb ki, 1300-dən çox tələbənin təhsil aldığı müəssisədə əsasən İKT, nəqliyyat, dağ-mədən və xidmət istiqamətləri üzrə peşə ixtisaslarının tədrisi həyata keçirilir. Qeyd edilib ki, liseyin qarşısına qoyulan əsas məqsəd regionda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması prosesinə dəstək verməkdir.
Tədbirdə regionda işəgötürənlərlə peşə təhsili sistemi arasında əməkdaşlıq imkanları geniş müzakirə edilib.
"Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonları təbii resurslarının zənginliyi, həmçinin əlverişli coğrafi mövqeyi ilə dağ-mədən, ağır sənaye və turizm, o cümlədən nəqliyyat sahələrində ölkə iqtisadiyyatına böyük töhfələr verir. Xüsusilə ikinci böyük şəhərimiz olan Gəncədə peşə təhsilinin 140 illik tarixi ənənəsi var. Bu üstünlükləri nəzərə alaraq sadalanan istiqamətlərdə işəgötürənlər də, biz də uzunmüddətli kadr hazırlığı üçün ən əlverişli həllər üzərində düşünməliyik. Belə olan halda region gənclərinin məşğulluq imkanlarını da böyük ölçüdə artırmış olarıq," - deyə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov çıxışında bildirib.
Deputat Pərvin Kərimzadə çıxışı zamanı peşə təhsilinə ölkə rəhbərliyinin diqqətindən danışıb. Qeyd edib ki, ölkə miqyasında həyata keçirilən islahatlar bu sahədə də istər infrastruktur, istərsə də tədrisin keyfiyyəti baxımından qısa müddət ərzində böyük uğurların əldə edilməsinə gətirib çıxarıb.
Daha sonra işəgötürən qurumların nümayəndələri müxtəlif əməkdaşlıq modelləri əsasında peşə təhsil müəssisələri ilə işin qurulmasının hər iki tərəf üçün əlverişli olduğunu bildiriblər.