Logo

AMEA İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib

09.04.2024 17:32 156 baxış
IMG

Aprelin 9-da AMEA İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

Bildirilib ki, iclası AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb.

İclasda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Etnoarxeologiya şöbəsinin aparıcı elmi işçisi Ülviyyə Hacıyeva “Qafqaz Albaniyası və müasir dövrdə albanşünaslığın problemləri” mövzusunda məruzə edib. Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.

A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru Kərim Şükürov və Arxeologiya və Etnologiya İnstitutunun direktoru Fərhad Quliyev çıxışlarında mövzunun aktual olduğunu nəzərə alaraq bu sahədə birgə tədqiqatların aparılmasına və ciddi mütəxəssislər yetişdirilməsinə böyük ehtiyac olduğunu vurğulayıblar.

Tarix elmləri doktoru Solmaz Məhərrəmli, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə işğal dövründə ermənilərin maddi mədəniyyət abidələrimizə vurduqları ziyandan, abidələrimizi erməniləşdirməsindən söz açıblar. Həmçinin işğal dövründə Laçın rayonundakı küp qəbirlərdə çoxsaylı qazıntı işləri aparıldığı bildirilib.

AMEA-nın müxbir üzvü Şahbaz Muradov da çıxışında bu məsələnin ciddiliyinə toxunaraq Laçında qazıntı işlərinin həyata keçirilməsini tövsiyə edib.

Akademik Gövhər Baxşəliyeva Prezidentin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planına uyğun olaraq görülmüş və görüləcək işlər haqqında müzakirə aparıb.

Daha sonra AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi və siyasəti (XX-XXI əsrlər) şöbəsinin adının dəyişdirilərək Qafqaz ölkələrinin beynəlxalq əlaqələri şöbəsi, Qafqaz tarixi (qədim dövrdən XX əsrədək) şöbəsinin adının dəyişdirilərək Qafqaz tarixi şöbəsi adlandırılması məsələləri müzakirə edilib, AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

İclasda bir sıra elmi-təşkilati və kadr məsələlərinə də baxılıb.

Xəbər lenti