Məlum olduğu kimi, ötən tədris ilindən etibarən qabiliyyət tələb edən “Bədən tərbiyəsi və idman” istiqaməti üzrə məşqçilik ixtisasına tələbə qəbulu idman növləri üzrə aparılır.
Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, bu il məşqçilik ixtisasının əhatə etdiyi idman növlərinin sayı 20-dən 26-ya yüksəlib.
Yeni idman növlərinə badminton, kamandan oxatma, kanoe və avarçəkmə, tennis, triatlon və qış idman növləri daxildir.
Abituriyentlərə kömək məqsədilə bədən tərbiyəsi və idman istiqaməti üzrə 61-ci komissiyanın (Məşqçilik ixtisası) müvafiq idman növləri üzrə keçirələcək ixtisas imtahanlarına dair maarifləndirici videolar hazırlanıb.
Videolarda normativlərin düzgün icra texnikası, imtahan qaydaları, geyim tələbləri və s. kimi məqamlar öz əksini tapıb.
Qabiliyyət imtahanı komissiyaları və ixtisaslarla bağlı daha ətraflı məlumat yaxın vaxtlarda nəşr olunacaq “Abituriyent” jurnalının “Bədən tərbiyəsi və idman” istiqaməti üzrə xüsusi buraxılışında əks olunacaq.