Bakı Slavyan Universitetinin rəhbər və pedaqoji heyəti, “Təhsil” fakültəsinin tələbələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və “DOST Evi” filialına səfər ediblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Tehsil.biz"ə verilən məlumata görə, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova infotur iştirakçılarını Mərkəz və filialın fəaliyyəti barədə məlumatlandırıb.
Qonaqlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllıda yerləşən “DOST Evi” filialı, sərgi-satış mərkəzi və yaradıcılıq emalatxanaları ilə tanış olub, mərkəzin təlimçiləri və benefisiarlarının “DOST evi” filialında nümayiş olunan əl işlərinə baxıblar. Tələbələr Dulusçuluq emalatxanasında bacarıqlarını sınayıb, məlumatlandırma turunun iştirakçıları üçün Un məmulatları emalatxanasında master-klass təşkil olunub. Qonaqlar burada hazırlanmış şirniyyatların və təndir çörəyinin dadına baxıblar. İnklüziv kafedə qonaqlara musiqi nömrələri təqdim olunub.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev inklüziv cəmiyyətin inkişafında təhsilin və gənclərin bu sahədə məlumatlılığının artırılmasının rolunu vurğulayıb, məlumatlandırma turunun əhəmiyyətini yüksək qiymətləndirib.
Qeyd edək ki, məlumatlandırma turu çərçivəsində Bakı Slavyan Universitetinin tələbə və müəllim heyəti, həmçinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində də olub. Məlumatlandırma turunun iştirakçıları yaradıcılıq studiyalarında təlim prosesi, eləcə də benefisiarların sosial-psixoloji inkişafı üçün multidissiplinar fəaliyyətin istiqamətləri ilə tanış olublar. Mərkəzin təlimçiləri və benefisiarlarının müxtəlif xidmət sahələri üzrə hazırladıqları əl işləri qonaqların marağına səbəb olub.