Logo

Dövlət Komitəsində ABŞ-də yaşayan azərbaycanlı musiqiçi ilə görüş keçirilib

10.04.2024 21:57 173 baxış
IMG

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Texas Universitetinin simfonik orkestrində musiqi rəhbəri, musiqiçi, dirijor Fərhad Xudiyevlə görüşüb.

Komitədən "Tehsil.biz"ə bildirilib ki, qonağı səmimi salamlayan Komitə sədri azərbaycanlı musiqiçini vətənimizdə görməkdən məmnunluğunu ifadə edib. Komitənin fəaliyyəti, Azərbaycanın dünyada təbliği istiqamətində görülən işlər barədə məlumat verib. O, Fərhad Xudiyevin Amerika Azərbaycan Musiqi Fondunun təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə aprelin 12-i Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək konserti ilə bağlı fikirlərini bölüşüb və işində uğurlar arzulayıb.

Fərhad Xudiyev Komitə tərəfindən layihəyə dəstək göstərildiyi üçün minnətdarlıq ifadə edib.

Görüşdə Azərbaycanın ABŞ-dəki diaspor fəaliyyəti, keçirilən tədbirlər, gələcəkdə mədəni sahədə həyata keçiriləcək layihələr və mədəni irsimizin təbliğinin genişləndirilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda sədr Fuad Muradov Fərhad Xudiyevə Komitə tərəfindən nəşr edilmiş mədəniyyət və musiqimizlə bağlı kitablar hədiyyə edib.

Qeyd edək ki, əslən azərbaycanlı olan Fərhad Xudiyev Türkmənistanda anadan olub. ABŞ-nin müxtəlif ştatlarında musiqi təhsili alıb. 2010-2011-ci illərdə Konnektikut, 2011-2012-ci illərdə Nyu Cersi orkestrlərində dirijorluq edib. 2012-ci ildən 2020-ci ilədək Kaliforniya ştatının Gənclərin Musiqi Orkestrində baş dirijor və musiqi direktoru vəzifəsində çalışıb. Hazırda Texas Universitetinin simfonik orkestrində musiqi rəhbəri vəzifəsində işləməklə yanaşı, dirijorluq sənətini də tədris edir. Fərhad Xudiyevin təşkilatçılığı və dirijorluğu ilə 25 mart 2023-cü il tarixində Azərbaycanın Xalq artisti, dünyaca məşhur muğam ifaçısı Alim Qasımovun ABŞ-nin Texas ştatının Ostin şəhərində yerləşən Texas Universitetinin Butler Musiqi Məktəbində konserti təşkil edilib. 2007-ci ildə ABŞ-da keçirilən beynəlxalq kamera musiqisi festivalında qızıl medala layiq görülüb. 2009-cu ildə Yel Universitetində kamera musiqisi üzrə müsabiqədə birinci yeri tutub. 2015-ci ildə Tayvanda keçirilən dirijorların beynəlxalq müsabiqəsində Çin musiqisinin ən yaxşı ifasına görə mükafat alıb. 2017-ci ildə Almaniyada baş tutan dirijorların Şolti adına beynəlxalq müsabiqəsində üçüncü yerə çıxıb. 2018-ci ildə isə Amerikanın gənc dirijorların müsabiqəsində Şolti adına mükafata layiq görülərək, Amerikanın beş ən yaxşı dirijorundan biri seçilib.

Xatırladaq ki, Fərhad Xudiyevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin “Musiqi Körpüsü. ABŞ-Azərbaycan” adlı konserti aprelin 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.

Xəbər lenti