Logo

Aqrar sahədə magistratura üzrə təhsil alan tələbələrə dəstək göstərilib - FOTO

11.04.2024 15:08 294 baxış
IMG

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsi çərçivəsində dəstək tədbirləri davam edir.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində magistratura dərəcəsi üzrə təhsil alan tələbələrə şəxsi bizneslərinin yaradılması üçün dəstək verilib.

Qadınların məşğulluq və sahibkarlıq imkanlarının artırılması, ixtisaslı kadrların yetişdirilməsi, eləcə də onların kənd təsərrüfatı sahəsində rolunun gücləndirilməsi məqsədilə 9 tələbəyə ting və şitil yetişdirmə üzrə dəstək göstərilib. Tingçilik istiqaməti üzrə 6 nəfərə, ümumilikdə, 3000 ədəd qızılgül, 1500 ədəd “Təbrizi”, “Bayanşirə”, “Red qlob” üzüm tingləri verilib. Şitilçilik sahəsi üzrə isə 3 nəfərə istixanada yetişdirilməsi üçün 420 ədəd xiyar şitili təqdim olunub.

Bundan başqa, qeyd olunan istiqamətlər üzrə tələbələr gübrə, pestisid, herbisid və bağ avadanlıqları ilə təmin ediliblər. Layihə çərçivəsində 1 il ərzində tələbələrin bu sahədə davamlı fəaliyyət göstərmələri üçün onlara təlim və biznes konsaltinq xidmətləri göstəriləcək.

AFAQ layihəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir. Bu günədək 330 təsərrüfatın qiymətləndirilməsi aparılıb, tələblərə cavab verən 473 fermerə təlimlər keçirilib. Ümumilikdə 20 region üzrə 236 qadına müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.

Xəbər lenti