Logo

Riyaziyyat və Mexanika İnstitutunda müəllim və şagirdlərlə görüş keçirilib - FOTO

11.04.2024 22:24 283 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda 2023-2024-cü tədris ilinin Tədbirlər planına əsasən “Elm festivalı” çərçivəsində 5 nömrəli “Uşaq-Gənclər İnkişaf Mərkəzi”nin Elm və texnika şöbəsinin müəllim və dərnək üzvləri ilə görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Görüşdə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov şagirdlərə institutun tarixi, fəaliyyət istiqamətləri və əldə olunan nailiyyətləri barədə danışıb. Professor elmə marağı olan gənclərin yetişdirilməsində elmi müəssisə və təşkilatların geniş imkanlara malik olduğunu söyləyib, rəhbərlik etdiyi institutda gənc tədqiqatçıların hər biri ilə fərdi qaydada iş aparıldığını, onların beynəlxalq səviyyədə elmi araşdırmalar aparmaları üçün hər cür şəraitin yaradıldığını qeyd edib. Misir Mərdanov şagirdlərə dəstək olduqlarına görə tədbirdə iştirak edən mərkəzin rəhbər və müəllimlərinə minnətdarlığını bildirib, gələcək işlərində uğurlar arzulayıb.

Tədbirdə fizika- riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Əbdürrəhim Quliyev şagirdlərə gözəlliyin riyazi formulu olan “Qızıl kəsiklər”dən danışıb. Qızıl bölgünün bir rəqəmin insanlıq, elm və incəsənət tarixində oynadığı möhtəşəm rolundan söhbət açıb. Qeyd edib ki, hazırda “Qızıl kəsik” praktiki fəaliyyətdə istifadə olunur - riyaziyyatda, texnikada, musiqidə, estetikada və s. Alim institutda şagirdlərlə keçirilən görüşün məqsədinin onlarda elmə marağın artırılması, bilik və bacarıq səviyyəsinin yüksəldilməsi olduğunu bildirib. Natiq vurğulayıb ki, gələcək elmi inkişaf məhz bugünkü tələbə və şagirdlərin çiyinlərindədir və onlar yaradılmış şəraitdən maksimum yararlanmağa çalışmalıdırlar.

Sonra 5 nömrəli UGİM-nin direktoru Elza Orucova çıxış edərək institutun kollektivinə təşəkkürünü bildirib. Elmi-texniki şöbənin fəaliyyəti haqqında geniş məlumat verib. E.Orucova şöbədə 700-dən çox şagirdin dərsdən sonrakı vaxtlarının səmərəli təşkil edilməsinə, yaradıcılıq qabiliyyətlərinin, məntiqi təfəkkürlərinin inkişafına, proqram materialının dərindən mənimsənilməsinə, məktəblilərin müstəqil bilik qazanmağına, sərbəst fikir söyləməyinə, təşkilatçı, lider olmaqlarına yaxından köməklik göstərdiklərini bildirib.

Tədbirdə mövzu ilə bağlı müzakirələr təşkil olunub, şagirdlərin sualları cavablandırılıb.

Sonda xatirə şəkli çəkilib.

Xəbər lenti