Qarabağ Dirçəliş Fondu (QDF) ölkə ictimaiyyətinin işğaldan azad edilmiş ərazilərin bərpası kimi mühüm bir missiya ətrafında birləşərək bərpa-quruculuq işlərinə töhfə verə bilməsi və ən əsası bu torpağın gözəlliyinin, Azərbaycan xalqının mədəni irsinin təbliği məqsədilə “Qarabağın Rəngləri” (https://colorsofkarabakh.com/) adlı yeni layihəsini təqdim edir.
Fonddan "Tehsil.biz"ə verilən məlumata görə, layihə çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi olan 23 nəfər istedadlı gənc rəssam və heykəltaraş tərəfindən Qarabağın ruhunu özündə birləşdirən sənət əsərləri - 19 rəsm və 4 heykəl yaradılıb.
Həmin gənc rəssam və heykəltaraşlar 200-dən artıq Akademiya tələbələri arasında keçirilən açıq müsabiqə vasitəsilə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev və prorektoru, Xalq rəssamı Səlhab Məmmədov kimi təsviri incəsənətimizin məşhur simalarından ibarət münsiflər heyəti tərəfindən seçilib.
Yaradıcılıqla bağlı tələb olunan bütün xərclər (o cümlədən kətanlar, rənglər, materiallar, çərçivələr və s.) və tələbələr üçün xüsusi təqaüdlər Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə qarşılanıb.
Qeyd edək ki, Qarabağa olan hədsiz sevgidən ilhamlanaraq hazırlanan və Qarabağın sarsılmaz ruhunun ifadəsi olan sənət əsərlərinin bir hissəsi artıq satışa çıxarılıb. Qalan hissəsinin isə yaxın gələcəkdə xüsusi qala gecəsi çərçivəsində təşkil olunacaq xeyriyyə hərracı vasitəsilə satışa çıxarılması nəzərdə tutulub. Daha sonra işlər Bakının ən məşhur qalereyalarından birində xüsusi təşkil ediləcək sərgidə geniş ictimaiyyət üçün nümayiş olunacaq.
Əsərlərin satışından toplanan bütün vəsait Ağdam rayonunun ərazisində yerləşən və hazırda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə bərpa olunan Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.
Qeyd edək ki, əsərləri əldə etmək üçün birbaşa Qarabağ Dirçəliş Fonduna ianə etmək kifayətdir.
Layihə və işlər haqqında ətraflı məlumatla layihənin rəsmi internet-səhifəsi, xüsusi kataloqu və qiymət cədvəlindən tanış olmaq mümkündür.
Rəsmi internet-səhifə: https://colorsofkarabakh.com/
Kataloqa keçid: https://colorsofkarabakh.com/assets/files/QR-Kataloq.pdf
Qiymət cədvəli: https://colorsofkarabakh.com/.../files/QR-QiymetCedveli.pdf
Fonda ianə etmək imkanları ilə Fondun rəsmi səhifəsində tanış olmaq mümkündür: https://qdf.gov.az/iane-imkanlari/
Xatırladaq ki, aprelin 5-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Elmi Şurasının iclasında layihənin, eyni zamanda, layihə çərçivəsində hazırlanan kataloqun və https://colorsofkarabakh.com saytının təqdimatı keçirilib.
Layihə və təqdim olunan əsərlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.