Logo

ABŞ səfirliyinin 2024-2026-cı illər üçün GIPA jurnalistika üzrə elant etdiyi magistr proqramına qeydiyyat davam edir

14.04.2024 21:54 299 baxış
IMG

ABŞ səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GIPA) Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media əlaqələri üzrə magistr proqramına tələbə qəbulu elan edir.

Bu barədə "Tehsil.biz"ə ABŞ səfirliyindən məlumat verilib.

Bildirilib ki, proqram üzrə dərslər ABŞ və Avropa universitetlərindən olan müəllimlər və yerli professorlar tərəfindən aparılacaq. Bu proqram ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda medianın gücləndirilməsidir.

  Beş nəfərə qədər azərbaycanlı namizədin 2024-cü ilin sentyabrından 2026-cı ilin iyununa qədər dörd semestr ərzində təklif olunacaq proqram üçün seçilməsi gözlənilir.

Müsabiqəyə jurnalistika, media, kommunikasiya, qrafika, fotojurnalistika, məzmunun işlənib-hazırlanması və digər əlaqəli sahələrlə maraqlanan tələbələr müraciət edə bilərlər. Tələbələr 2024-cü ilin sentyabrından 2025-cü ilin dekabr ayınadək Tbilisi şəhərində GIPA-da oxuyacaqlar. 2026-cü ilin iyul ayında isə tələbələr diplom işlərini müdafiə etmək üçün yenidən instituta qayıtmalı olacaqlar. GIPA-da təhsil aldıqları zaman tələbələrin kompüter, radio və video avadanlıqlardan, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. GIPA tələbələri Erasmus+ mübadilə proqramlarında iştirak etmək və Avropanın müxtəlif universitetlərində bir semestr təhsili üçün maliyyə almaq hüququna malikdirlər. Tələbələr GIPA proqramının tələblərini yerinə yetirmək üçün GIPA ilə müzakirələr aparmalıdırlar.

  Çap və teleradio yayımı mediası nümayəndələri üçün olan tədris planı praktiki yanaşma və əldə edilmiş təcrübə prinsipləri üzərində qurulub və faktlara əsaslanan peşəkar xəbərin çatdırılmasını nəzərdə tutur. Kurs işinə, həmçinin media və biznesin idarə edilməsi, hüquqi məsələlər və media etikası ilə yanaşı müxtəlif mövzular daxildir.

Müsabiqədən keçmək üçün namizədlərdən yüksək səviyyədə ingilis dili biliyi tələb olunur.

 ABŞ-ın Bakıdakı səfirliyi ehtiyacı olan tələbələrin Gürcüstanda oxuduğu müddətdə təhsil və yaşayış xərclərini maliyyələşdirəcək.

Seçim prosesinə aşağıda qeyd olunan sənədlər və Azərbaycan-ABŞ qəbul komissiyası üzvlərinin iştirakı ilə Bakıda ingilis dilində keçiriləcək müsahibə də daxildir. Sənədlər 2024-cü il mayın 5-dək qəbul edilir.

Sənəd və sualların [email protected] ünvanına göndərilməsi xahiş olunur. Elektron poçtda mövzu sətrində GIPA-2024 Application yazılmalıdır. 

 GIPA proqramına tələb olunan sənədlərin siyahısı:

1. Ərizə forması

2. Üç tövsiyə məktubu

3. Təhsil məqsədləri haqqında bəyanat (minimum 300 söz)

4. Diplomların surəti*

5. Diplom əlavələri

5. Şəxsiyyət vəsiqəsinin və ya pasportun surəti

  * Qeyd: 2024-ci ildə universiteti bitirmiş, lakin diplomlarını vaxtında ala bilməyən məzunlar universiteti bitirdiklərini təsdiq edən müvəqqəti sənəd/arayış təqdim edib proqramda iştirak edə bilərlər. Onların 2024-cü il avqustun 1-dək diplomlarını qəbul komissiyasına təqdim etməsi şərtdir.

Xəbər lenti