Logo

Mikrobiologiya İnstitutu doktorantura və dissertanturaya qəbul elan edir

15.04.2024 14:47 279 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutu Nazirlər Kabinetinin 2024-cü il tarixli 27 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na əsasən fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Bildirilib ki, qəbul mikrobiologiya və mikologiya ixtisasları üzrə əyani, qiyabi, büdcə hesabına və ödənişli əsaslarla aparılır.

Doktoranturaya sənəd qəbulu Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olaraq “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər. Müraciətlər portal.edu.az vasitəsilə aprelin 16-dan mayın 15-dək qəbul ediləcək.

Doktoranturaya qəbul Nazirlər Kabinetinin 2010-cu il 10 iyul tarixli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na əsasən həyata keçirilir.

Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul üçün elmi müəssisənin rəhbərinin adına ərizə, kadrların şəxsi-qeydiyyat vərəqi, tərcümeyi-hal, 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə), iş stajı olanlar üçün əmək kitabçasından çıxarış, iş yerindən xasiyyətnamə, çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə), xarici dil bilikləri üzrə beynəlxalq sertifikatı olanlara (IELTS, TOEFL, TestDaf, DALF əgər varsa) və ya xarici dildən keçid balını toplayanlara Dövlət İmtahan Mərkəzi tərəfindən verilən təsdiqedici sənəd və şəxsiyyəti təsdiq edən sənədin surəti təqdim olunmalıdır.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplamalıdırlar. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaf, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin ekvivalentliyi Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyənləşdirilir.

Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaf, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin ekvivalentliyi Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyənləşdirilir.

Xarici dil imtahanını müvəffəqiyyətlə verən şəxslər sentyabr ayında keçiriləcək fəlsəfə və ixtisas fənlərindən imtahana buraxılacaqlar. Xarici dil imtahanının keçirilməsi üçün siyahılar Elm və Təhsil Nazirliyi tərəfindən Dövlət İmtahan Mərkəzinə göndəriləcək. İmtahanın iyunun 9-da keçirilməsi nəzərdə tutulur. Xarici dil imtahanının nəticələri Elm və Təhsil Nazirliyi tərəfindən portala yüklənilir.

Elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul üçün ərizə (doktoranturanın fəaliyyət göstərdiyi və dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına), kadrların şəxsi-qeydiyyat vərəqi, tərcümeyi-hal, 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə), iş yerindən xasiyyətnamə, əmək kitabçasından çıxarış, çap olunmuş elmi işlərin siyahısı, fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə), şəxsiyyəti təsdiq edən sənədin surəti təqdim olunmalıdır.

Xəbər lenti