Avropa İttifaqının maliyyələşdirdiyi “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) “Erasmus+KA2” layihəsi çərçivəsində Moldovada səfərdə olan Azərbaycan Texniki Universitetinin (AzTU) elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov, beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov və Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq layihələr qrupunun rəhbəri Mətanət Paşayeva Moldova Texniki Universitetinin (UTM) rektoru professor Viorel Bostanla görüşüblər.
Bu barədə "Tühsil.biz"ə AzTU-dan məlumat verilib.
Bildirilib ki, UTM-in Moldovada mühəndislik sahəsində əsas ali təhsil müəssisəsi olduğunu diqqətə çatdıran professor Viorel Bostan son illər Azərbaycan ilə Moldova arasında elm və ali təhsil sahəsində əməkdaşlığının əhəmiyyətindən danışıb. O, bu əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Rektor son illər UTM-də aparılan yeniliklər və innovasiyalarla bağlı həyata keçirilən layihələr barədə məlumat verib. AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov universitetdə son illərdə görülən işlərdən söz açıb.
Görüşdə AzTU ilə UTM arasında mövcud və perspektiv əməkdaşlıq imkanları, o cümlədən tədris və tədqiqat sahəsində beynəlxalq layihələrdə birgə iştirak məsələləri müzakirə olunub. Birgə fəaliyyətlərin həyata keçirilməsi barədə ilkin razılıqlar əldə olunub.
AzTU-nun nümayəndə heyəti, həmçinin UTM-in nəzdində fəaliyyət göstərən “Tekwill” İnformasiya Texnologiyaları Parkının, Kompüter, informatika və mikroelektronika fakültəsinin tədris, tədqiqat və innovasiya fəaliyyətinin təşkili ilə tanış olub, fikir mübadiləsi aparıb.