Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə 5 və 9 nömrəli tam orta məktəblərdə maarifləndirmə tədbirləri keçirilib.
RİNN-dən "Tehsil.biz"ə bildirilib ki, tədbirlərin keçirilməsində məqsəd məktəblilərin kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, onların kibergigiyena qaydaları və onlayn mühitdə təhlükəsizlik qaydaları haqqında məlumatlandırılması olub.
Ümumilikdə 188 şagirdin iştirak etdiyi tədbirlərdə ETX-nin əməkdaşı “Uşaqlar üçün kibertəhlükəsizlik qaydaları”, “Fərdi məlumatların mühafizəsi”, “Şifrə təhlükəsizliyi”, “Sosial mediadan istifadə qaydaları” mövzularında çıxış edərək məktəblilərə kibertəhlükələrdən qorunmaqla bağlı faydalı məlumatlar verib.