Logo

Rusiyalı qonaq Ədəbiyyat Muzeyində olub

16.04.2024 10:44 125 baxış
IMG

Rusiya Federasiyası Sankt-Peterburq şəhəri Qubernator Administrasiyası Dövlət Xidməti Komitəsinin üzvü Anna Starovoytova Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

Bu barədə "Tehsil.biz"ə muzeydən məlumat verilib.

Bildirilib ki, qonağı muzeyin Ekspozisiya şöbəsinin kiçik elmi işçisi Aygün Abbasquliyeva müşayiət edib.

A.Starovoytova muzeyin ekspozisiya zallarını gəzərək Azərbaycan ədəbiyyatı ilə yaxından tanış olub. O, bütün Şərq ədəbiyyatının inkişafında mühüm rol oynamış klassik Azərbaycan poeziyasının nümayəndələri, eyni zamanda, müasir dövr şair və yazıçıları haqqında ətraflı məlumatlandırılıb.

Rusiyalı qonaq dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına xüsusi maraq göstərib. Lətif Kərimov, Kamil Əliyev kimi görkəmli xalçaçı-rəssamların eskizləri əsasında toxunmuş, Nizaminin ecazkar sənət dünyasını əks etdirən nəfis xalçaları, “Xəmsə” motivləri ilə bağlı heykəlləri, dekorativ qabları və digər eksponatları heyranlıqla seyr edib.

Muzeyin müasir Azərbaycan ədəbiyyatına həsr olunmuş zallarında qonağın diqqətini ədəbiyyat tariximizdə nikbin və realist şeirin banisi kimi xatırlanan Molla Pənah Vaqifə həsr olunmuş guşə cəlb edib. O, rus çarı II Yekaterinanın Qarabağ xanı İbrahimxəlil xanın müdrik vəziri Vaqifə qiymətli hədiyyələr, xüsusilə bahalı daş-qaşla bəzədilmiş əsa göndərdiyi haqqında məlumatlandırılıb, Vaqifə aid vitrindəki xatirə əşyalarına tamaşa edib.

Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə də qonağın diqqətini cəlb edən görkəmli şəxsiyyətlərdən olub. Axundzadənin gənclik illərində böyük rus şairi Aleksandr Puşkinin vaxtsız ölümündən təsirlənərək 1837-ci ildə yazdığı və “Moskovskiy nablyudatel” jurnalında dərc olunan “Şərq poeması”ndakı dərin və səmimi kədər hissləri qonağı mütəəssir edib.

Anna Starovoytova muzeylə bağlı xoş təəssüratlarını “Rəy kitabı”nda bölüşüb.

Ziyarətçi Şərqlə Qərb mədəniyyətlərini qovuşduran, əsrlərdən bəri multikulturalizm dəyərlərini qoruyub yaşadan Azərbaycanın ədəbiyyat xəzinəsinin zənginliyi qarşısında valeh olduğunu bildirib və səmimi münasibətə görə muzeyin kollektivinə təşəkkür edib. O, Ədəbiyyat Muzeyini ziyarət etməzdən öncə bir çox yerlərdə olduğunu, lakin bu muzeyin ecazkarlığı və təqdimatı ilə indiyə qədər aldığı bütün təəssüratları kölgədə qoyduğunu bildirib.

Xəbər lenti