Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “SABAH” qruplarında magistratura səviyyəsi üçün pedaqogika ixtisasının təhsildə qiymətləndirmə və monitorinq ixtisaslaşması üzrə mövcud təhsil proqramının təkmilləşdirilməsi məqsədilə ekspert komissiyası işə başlayıb.
Bu barədə "Tehsil.biz"ə ADPU-dan məlumat verilib.
Bildirilib ki, komissiyanın iclasında tədrisin keyfiyyətinin və məzmun zənginliyinin artırılması mövzusunda müzakirələr aparılıb. Türkiyənin Hacettepe Universitetinin professoru Səlahəddin Gelbal ekspert komissiyasına məsləhətçi qismində dəvət edilib. Həmçinin “SABAH” qruplarının təşkilatçılığı ilə Səlahəddin Gelbal Pedaqoji Universitetdə ADA Universiteti, ADPU, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Xəzər Universitetinin müvafiq ixtisaslarında təhsil alan 80 nəfərdən çox magistrant üçün “Təhsildə ölçmə, qiymətləndirmə və elmi tədqiqatda data analizi” mövzusunda modul dərsin tədrisinə başlayıb.