Logo

Professor Mahirə Hüseynova Dünya Söz Akademiyasının fəxri üzvü seçilib

17.04.2024 13:56 240 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində keçirilən görüşdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovaya Dünya Söz Akademiyasının fəxri akademik üzvlüyü diplomu təqdim olunub.

Bu barədə "Tehsil.biz"ə ADPU-dan məlumat verilib.

Bildirilib ki, təqdimat mərasimində çıxış edən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Vüqar Əhməd Mahirə Hüseynovanın Dünya Söz Akademiyasının fəxri akademik üzvü seçilməsinin təsadüfi olmadığını, onun həm görkəmli dilçi alim, həm də mahir söz ustası, şair olduğunu vurğulayıb.

Dünya Söz Akademiyasının prezidenti, professor Fəxrəddin İvgin Mahirə Hüseynovanın Azərbaycanın elm aləmində əhəmiyyətli rolu olduğunu vurğulamaqla yanaşı, onun Türkiyədə tanındığını, Türk dünyasının görkəmli şəxsiyyəti olduğunu qeyd edib. O, Mahirə Hüseynovanın xalq şairləri və aşıq yaradıcılığı ilə bağlı əhəmiyyətli tədqiqatlarını xüsusilə vurğulayıb. Daha sonra Fəxrəddin İvgin Mahirə Hüseynovaya fəxri akademik üzv diplomunu təqdim edib.

Tədbirdə çıxış edən Əlyazmalar İnstitutunun direktor müavini Əzizağa Nəcəfov Mahirə Nağıqızı yaradıcılığının tədqiqinin müasir ədəbi mühit üçün əhəmiyyətindən danışıb.

Tədqiqatçı-şair Qardaş Əlişoğlu və ADPU-nun Ədəbiyyatın tədrisi metodikası kafedrasının müdiri Nazilə Abdullazadə isə professor Mahirə Hüseynovanın həm ictimai xadim, həm də təşkilatçı və rəhbər kimi uğurlu fəaliyyətini qeyd edib, onun bir sıra ölkələrin elmi qurumlarının fəxri doktoru olduğunu diqqətə çatdırıblar.

ADPU-nun rektoru professor Cəfər Cəfərov Mahirə Hüseynovanın istər kafedra müdiri, istərsə də fakültə dekanı işlədiyi dövrdən ADPU-nun tarixində müsbət iz qoyduğunu vurğulayaraq, onun beynəlxalq əlaqələr üzrə prorektor olduqdan sonra da universitet və Azərbaycan elmi üçün həyata keçirdiyi yeniliklərdən danışıb.

Sonda çıxış edən professor Mahirə Hüseynova göstərilən diqqətə görə təşəkkürünü bildirib, Azərbaycanda və Türk dünyasında tanınmasının universitet rəhbərliyi və fakültə kollektivinin birgə əməyinin nəticəsi olduğunu dilə gətirib.

Xəbər lenti