Logo

AzMİU tələbəsi Kolumbiya Universitetində təhsil alacaq

17.04.2024 16:15 435 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin IV kurs tələbəsi Fuad Cəfərli ABŞ-nin Kolumbiya Universitetində İnşaat mühəndisliyi ixtisası üzrə magistr təhsili almaq hüququ qazanıb.

Bu barədə "Tehsil.biz"ə AzMİU-dan bildirilib.

Qeyd olunub ki, Kolumbiya Universiteti Nyu-Yorkun mərkəzində yerləşir və ABŞ-nin “Sarmaşıq” liqasının üzvüdür. Bu liqaya ABŞ-nin ən nüfuzlu universitetləri daxildir. Kolumbiya Universitetinə sənəd göndərənlərin 4 faizi burada təhsil almaq hüququ qazanır.

Kolumbiya Universiteti çoxsaylı dünyaşöhrətli məzunlar yetişdirib. Onlardan 79-u sonralar Nobel mükafatına layiq görülüb. Universitetin uğurlu məzunları sırasından ABŞ prezidentləri Teodor Ruzvelt, Barak Obama, Vudro Vilson, Estoniya prezidenti Tomas Hendrik İlves, ABŞ-nin keçmiş dövlət katibi Madlen Olbrayt, Nobel mükafatı laureatları Martin Çalf, Ceyms Hekman, Edmund Felps, Orxan Pamuk, Riçard Aksel və digərlərinin adını çəkmək olar. Kolumbiya Universiteti akademik hazırlığın səviyyəsi, tibb, mədəniyyət, sosiologiya və s. elmlərin tədqiqatı üzrə əldə etdiyi uğurlara görə bütün dünyada məşhurdur. Hazırda burada 25000-dən çox tələbə təhsil alır, onların 20 faizini digər ölkələrdən gələnlər təşkil edir.

Xəbər lenti