Bakı Mühəndislik Universitetində (BMU) Polşanın Varşava Texnologiya Universitetinin (VTU) nümayəndə heyəti ilə görüş keçirilib.
BMU-dan "Tehsil.biz"ə bildirilib ki, elm və təhsil nazirinin müşaviri Azər Abizadənin də iştirak etdiyi görüşdə ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib. Rektor Yaqub Piriyev qonaqlara universitetin fakültələri, fəaliyyət istiqamətləri, maddi-texniki bazası, elmi-tədqiqat imkanları, nəzəriyyənin təcrübədə tətbiqinə imkan verən geniş spektrli laboratoriyaları haqqında məlumat verib. Universitetdə ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrları hazırlığının aparıldığını deyən rektor BMU və VTU-nun Avropa İttifaqının Erasmus+ layihəsi çərçivəsində tərəfdaş olduqlarını xatırladıb. BMU-nun Memarlıq və inşaat fakültəsinin mövcud imkanlarından bəhs edən Yaqub Piriyev ali təhsil müəssisələri arasında əlaqələrin qurulması və inkişaf etidirilməsinə göstərilən marağı yüksək dəyərləndirib. Eyni zamanda, ilkin mərhələdə inşaat və memarlıq sahəsində başlayan əməkdaşlığın digər sahələrdə də davam etdirilməsi üçün yüksək potensialın olduğunu və bu əlaqələrin hər iki tərəfin gələcək fəaliyyətinə töhfə verə biləcəyini vurğulayıb.
VTU ilə bağlı təqdimatla çıxış edən professor Artur Zbiciak ali təhsil müəssisəsinin tarixindən, elmi nəşrləri, tədqiqat imkanları və beynəlxalq əlaqələrindən danışıb, fakültə, ixtisas və tələbə sayı üzrə statistikanı diqqətə çatdırıb. Universitetin təklif etdiyi proqramların akademik keyfiyyəti, ingilis dilində bakalavr və magistr təhsili barədə də danışan professor digər təqdimatında elmi işlər üzrə dekan müavini kimi çalışdığı İnşaat mühəndisliyi fakültəsinin fəaliyyəti və fakültə üzrə əməkdaşlıq sahələri haqda zəruri informasiyaları nəzərə çatdırıb. VTU-nun adıçəkilən fakültəsinin İnşaat və texniki layihələndirmə kafedrasının rəhbəri professor Nəbi İbadov isə universitetlər arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları ilə bağlı fikirlərini paylaşıb.
Sonra nümayəndə heyəti BMU-nun kampusu, Memarlıq və inşaat fakültəsi, Texnoparkı, laboratoriyaları ilə yaxından tanış olublar. Qonaqlara həyata keçirilən təcrübələr, tələbəyönümlü tədqiqat işləri, sənaye ilə əməkdaşlıq və s. məsələlər haqqında ətraflı məlumatlar verilib.