Logo

Bakıda Rusiya kinosu günləri keçiriləcək

17.04.2024 19:49 217 baxış
IMG

24-27 aprel 2024-cü il tarixlərində Bakıdakı “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək.

Tehsil.biz xəbər verir ki, “Azərbaycanda Rusiya kinosu günləri”nin keçirilməsi ideyasını Rusiya Federasiyası (RF) Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, RF Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri, “Rusiya Sülh Fondu” Beynəlxalq İctimai Fondunun İdarə Heyətinin sədri Leonid Slutski, Rusiya Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, Bakıdakı Rus evi, “İkinci nəfəs” logistika şirkəti, “SAVALAN-ASPİ WİNERY” şirkəti, “Hyatt Regency Baku” oteli dəstəkləyib. Layihənin prodüseri Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi Yelena Lebedevadır.

Bu il “Azərbaycanda Rusiya kinosu günləri”nin proqramına Rusiyanın dörd yeni tammetrajlı filminin nümayişi, baxılmış filmlərin müzakirəsi və ekran əsərlərini təmsil edən artistlərlə ənənəvi yaradıcılıq görüşləri daxil edilib.

Aprelin 24-də “Azərbaycanda rus kinosu günləri”nin təntənəli açılışı çərçivəsində Nikolay Lebedevin rejissoru olduğu “Nürnberq” (12+) filminin nümayişi keçiriləcək. Filmi baş rolun ifaçısı, Dövlət Millətlər Teatrının aktyoru Sergey Kempo təqdim edəcək.

Kinolent 1945-ci ildə Nürnberqdə keçirilən Beynəlxalq Hərbi tribunalın işə başlamasından əvvəl iki gəncin görüşündən bəhs edir. Prosesdə işləmək üçün Nürnberqə gələnlər arasında polkovnik Miqaçovun rəhbərliyi altında sovet nümayəndə heyətinin tərkibində tərcüməçi kimi fəaliyyət göstərən İqor Volqin də var. Bir gün o, Nürnberq küçələrinin birində rus qızı Lena ilə rastlaşır. Onların arasında yaranan sevgi böyük sınaqlarla üzləşəcək.

“Qağayı” (16+) debüt filmini aprelin 25-də filmin rejissoru və ssenaristi, Vladimir Mayakovski adına Teatrın aktrisası, əfsanəvi Alla Surikovanın tələbəsi, Lazarev-Nemolyev teatr sülaləsinin nümayəndəsi Polina Lazareva təqdim edəcək. Film iki gənc qız və orta yaş böhranı keçirən uğurlu bir yazıçı arasındakı sevgi üçbucağına həsr olunub. Bu ekran əsəri ehtirasla sevgiyə can atan insanlar, onların xəyalları, istəkləri və arzuları haqqında istehzalı hekayədir.

Tədbirin üçüncü günü - aprelin 26-da iki filmin nümayişi keçiriləcək. Tamaşaçılara rejissor Qriqori Vojakinin “Çink: Quyruqlu detektiv” (6+) cizgi filmi təqdim olunacaq. Süjetə görə, macəra axtaran dələ Çink əsl dedektiv olmağı xəyal etsə də, amma təəssüf ki, onun köməyi əksinə, bir çox hallarda problemə çevrilir. Elə həmin gün rejissor Georgi İlyinin “Partizan meşəsinin xəzinələri” (12+) filminin nümayişi olacaq. Kinolenti baş rolun ifaçısı, Rusiyanın “Çayka” (“Qağayı”) Teatr Mükafatının laureatı, Moskvanın fəxri incəsənət xadimi, məşhur teatr və kino aktrisası Yelena Zaxarova təqdim edəcək.

Film 1941-ci ilin iyununda alman işğalçılarının kiçik sərhəd şəhərlərinə və qəsəbələrinə girərək mülki insanlara zərər vurduqları hadisələri təsvir edir. Həmin vaxt şəhərlərdən birində nadir antik sikkələrin və ordenlərin nümayişi keçirilir. Muzeyin direktoru Marişa və Mişa adlı uşaqların köməyi ilə bu misilsiz eksponatları qorumağa çalışır. “Rusiya kinosu günləri” aprelin 27-də baş rolun ifaçısı, Arkadi Raykin adına Rusiya Dövlət “Satirikon” Teatrının aktyoru Aleksey Bardukov tərəfindən təqdim ediləcək və rejissor Andrey Bulanovun çəkdiyi “Xokkey ataları”(6+) filminin nümayişi ilə başa çatacaq.

Filmin baş qəhrəmanı Andrey kiçik əyalət şəhərlərindən birinin uşaq xokkey komandasının məşqçisidir. Onun nizamlı həyatı Andreyin uşaqları məşq etdirdiyi və şəhərdə yeganə olan buz sarayının söküləcəyinə dair xəbərlə alt-üst olur. Buz sarayını xilas etməyin yeganə yolu həvəskar xokkey turnirində qalib gəlməkdir. Buna görə Andrey özünə komanda toplayaraq bu məsuliyyətli oyunlara hazırlaşmaq qərarına gəlir.

Tədbir çərçivəsindəki kinolayihələrin aparıcısı teatr və kino aktrisası Polina Neçitaylodur.

Xəbər lenti