Logo

“BDU məzunları” layihəsi çərçivəsində Aqil Abbasla görüş olub - FOTO

17.04.2024 20:50 203 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) 105 illik yubileyinə həsr olunmuş “BDU məzunları” layihəsi çərçivəsində Milli Məclisin deputatı, yazıçı, jurnalist Aqil Abbasla tələbələrin görüşü keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Görüşdə universitetin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev qeyd edib ki, BDU fəaliyyət göstərdiyi 105 il ərzində zəngin tarixi yol keçib və xalqımızın maariflənməsinə, milli düşüncənin inkişafına, yüksəkixtisaslı kadrların yetişməsinə əvəzsiz töhfələr verib. Yubileylə əlaqədar BDU-nun Tədbirlər planı təsdiqlənib və il ərzində icra olunacaq: “Hər bir universitetin üç ən böyük dəyəri var. Bunlar onun məzunları, alimləri və tələbələridir. “BDU məzunları” layihəsinin əsas məqsədi də universitetin tanınmış məzunları ilə tələbələrin görüşünü təşkil etmək, onları daha yaxından tanıtmaqdır”.

Tədbirin moderatoru, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı Aqil Abbasın həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, Filologiya fakültəsinin məzunu olan Aqil Abbas əmək fəaliyyətinə müəllim kimi başlayıb. O, müasir Azərbaycan jurnalistikasının və çağdaş ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən biridir. “Yazıçı, jurnalist və deputat Aqil Abbas həmişə xalqın sözünü dediyi üçün daim rəğbət görüb. Onun Qarabağla bağlı əsərləri 30 illik işğal dövründə milli ruhun saxlanılmasında və qələbə əzminin formalaşmasında böyük rol oynayıb”.

Görüşdə Aqil Abbas tələbəlik həyatı, müəllimləri barədə xatirələrini bölüşüb. BDU-nun ölkəmizin həyatındakı rolunu vurğulayan qonaq tələbələri təhsil həyatlarından daha çox faydalanmağa, tələbəlik illərini səmərəli keçirməyə çağırıb. Aqil Abbas ən böyük tənqidçisinin ailəsi olduğunu diqqətə çatdırıb. Tələbələri yaradıcılığı, xüsusilə Qarabağ ruhunu özündə əks etdirən əsərləri ilə tanış edən Aqil Abbas şanlı Zəfərimizə həsr olunan “44 gün” adlı ssenarisini artıq başa çatdırdığını və yaxın günlərdə təqdim edəcəyini bildirib.

Sonra qonaq tələbələrin suallarını cavablandırıb və onlara kitablarını bağışlayıb.

Xəbər lenti