Azərbaycan Dillər Universitetinin Magistratura şöbəsi və Ümumi dilçilik kafedrasının təşkilatçılığı ilə professor Hüseynağa Rzayevin Dilşünaslıq (İngilis dili) ixtisası üzrə təhsil alan tələbələrə “İngilis dilinin tarixi” ("History of English") mövzusunda ustad dərsi keçirilib.
Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.
Magistratura şöbəsinin müdiri dosent Firuzə Rzayeva professor Hüseynağa Rzayevi tələbələrə təqdim edib, dərsin “Dil fəlsəfəsi”, “Təhsil problemləri”, “Yazı”, “Tərcümə və ünsiyyət” mövzuları ətrafında keçiriləcəyini bildirib.
Sonra Dilçilik kafedrasının müdiri professor Azad Məmmədov çıxışında professorun uzun illər ADU və Xəzər Universitetində çalışdığını, özünün də professorun ADU-nu fəxri diplomla bitirən keçmiş tələbəsi olduğunu qeyd edib.
Dosent Amil Cəfərov dərsin əhəmiyyətindən danışıb, “Dil tarixi” fənninin tədris olunmasının vacibliyini vurğulayıb. Dosent də həmçinin, professor Hüseynağa Rzayevin onun müəllimi olduğunu qeyd edib.
Professor Hüseynağa Rzayev peşəkar dilçi kimi öz sahəsindəki təcrübəsini bölüşüb, ingilis dilinin tədrisi zamanı qarşıya çıxan problemlər haqqında tələbələrlə maraqlı müzakirələr aparıb.
İnteraktiv şəkildə keçən dərsdə tələbələri maraqlandıran suallar da cavablandırılıb.
Sonda Magistratura şöbəsinin müdiri dosent Firuzə Rzayeva ADU-nun rektoru akademik Kamal Abdullanın kitabını qonağa hədiyyə edib.