Logo

ADA Universitetinin “Baku Dialogues” jurnalı Kolumbiya Universiteti Nəşriyyatının verilənlər bazasında yer alıb

12.04.2021 09:23 509 baxış
IMG

ADA Universitetinin ingilisdilli rüblük nəşri olan “Bakı Dialoqları” (“Baku Dialogues”) jurnalı Kolumbiya Universiteti Nəşriyyatının “Columbia International Affairs Online (CIAO)” akademik tammətnli elektron jurnal və məqalələr bazasına daxil edilib. Bununla da ADA Universiteti “CIAO”nun 300-dən artıq qlobal akademik tərəfdaşı sıralarına qoşulub.

 

Bu barədə ADA Universitetindən məlumat verilib.

 

Bildirilib ki, jurnalın yayımlanacaq bütün sayları “CIAO”nun beynəlxalq münasibətlər üzrə nəşrləri bir arada toplayan verilənlər bazasına yerləşdiriləcək. ADA Kitabxanasının dəstəyi ilə “Baku Dialogues”un bu bazada yer alması jurnaldakı məqalələrin beynəlxalq oxucu kütləsinə çatdırılmasına, yerli və xarici müəlliflər arasında akademik ünsiyyətin qurulmasına fayda verəcək. Bu, həm də müəlliflərin beynəlxalq elmi ictimaiyyət tərəfindən tanınmasını dəstəkləyəcək.

 

“CIAO”nun verilənlər bazasında beynəlxalq münasibətlər üzrə dərc edilən 500 min səhifədən çox müxtəlif formatlı nəşr mövcuddur. ADA Universiteti 2013-cü ildə akademik nəşrlərin sayı baxımından dünyanın ən zəngin bu onlayn platformasına abunə olub. Bu, öz növbəsində, ADA tələbələrinə, professor-müəllim heyətinə və tədqiqatçılara platformadakı nəşrlərdən faydalanmaq imkanı verir.

 

Qeyd edək ki, “Baku Dialogues” növbəti uğurunu əldə edib. Belə ki, jurnal ötən ilin 25 sentyabr tarixində Fransadakı Seriyalı Nəşrlərin Beynəlxalq Standartlaşdırma Mərkəzi tərəfindən indekslənərək beynəlxalq indeks nömrəsi (ISSN) əldə edib. Mərkəz müvafiq beynəlxalq standartlara uyğun olan jurnalları indeksləyərək onların qlobal məkanda unikal identifikasiya nömrəsi ilə tanınmasını təmin edir.

 

“Baku Dialogues”un nəşrləri ilə buradan tanış ola bilərsiniz.

Xəbər lenti