AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.
Tədbirdə çıxış edən institutun direktoru professor İlham Məmmədzadə türkman soydaşlarımızla bizi daim tarixi əlaqələr, tarixi yaddaş bağladığını vurğulayıb: “Tədqiqatlar apardıqda görürük ki, biz eyni mədəniyyət və eyni tarixi köklərin daşıyıcılarıyıq. Düşünürəm ki, keçirilən konfranslar ölkələr arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək. Bizim əsas məqsədlərimizdən biri isə Türk dünyasının tarixi bağlarını qoruyub saxlamaq və daha da inkişaf etdirməkdir”, - deyə İlham Məmmədzadə bildirib.
Elmi işlər üzrə direktor müavini Eynulla Mədətli çıxışında türkmanlar və Azərbaycan xalqı arasında olan tarixi faktlardan, iki ölkə arasında bu günə qədər bağlanan saziş və müttəfiqliklərdən söz açıb: “Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev də hər zaman vurğulayıb ki, İraqda yaşayan türkman soydaşlarımızla Azərbaycan xalqı sanki bir bütövün parçasıdır. Bu ifadədə çox dərin məna yatır. Bu irsi araşdırarkən görürük ki, eyni mədəniyyət, eyni soy-kök bizi bir-birinə bağlayır. Fəlsəfə və Sosiologiya İnstitutu olaraq qarşımızda duran əsas məqsədlərdən biri də mədəni irsi araşdırmaq, tarixi yaddaşı bərpa etməyə dəstək olmaqdır”.
Tədbirdə İraq Strateji Araşdırmalar Mərkəzinin müdiri, İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Mutaz Muhyi Əbdülhəmid, Türkman Mədəniyyət Mərkəzinin müdiri, “Türkmən Eli” jurnalının baş redaktoru Sabah Kərküklü məruzə ilə çıxış edərək iki ölkə arasındakı dostluq münasibətlərindən danışıblar.
Sonda Mutaz Muhyi Əbdülhəmid Şuşa ilə bağlı nəşr olunan kitabını institut rəhbərliyinə təqdim edib.