“Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir. Gənclər gələcəkdə nə ilə məşğul olmaq istədiklərini anlamalıdırlar”.
Tehsil.biz xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
DİM sədrinin fikrincə, yalnız kifayət qədər bal toplamaq, hansısa ixtisasa qəbul olmaq düzgün yanaşma deyil:
“Belə olduqda abituriyentlər 4 il itirirlər. Sual verməlidirlər, nə üçün o universitetə gedirlər, hansı ixtisasla məşğul olmaq istəyirlər? Gənclər arzulamağı bacarmalıdırlar. Arzuları onların gələcək həyatlarında yalnız hansısa maddi maraqlarla əlaqələndirilməməlidir. Nə ilə məşğul olacaqlar? Hansı töhfəni verə biləcəklər? Mütəxəssis kimi özlərini hansı sahədə görürlər? Bu suallara cavab tapmalıdırlar, özlərini aldatmasınlar. Çox zaman insanlar özlərini aldadırlar ki, “bacarıram, amma oxumuram”. Bu, yalandır. Oxumağı bacaran oxuyur və nəticə əldə edir”.