Tailandın Banqkok şəhərində Stamford Beynəlxalq Universitetinin təşkilatçılığı ilə “İxtiraçılıq hesablamaları və informasiya texnologiyaları” mövzusunda 6-cı beynəlxalq konfrans keçirilib. Onlayn formatda təşkil olunan konfransda Azərbaycan Texniki Universitetini (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının müdiri professor Mehman Həsənovun rəhbərliyi ilə kafedranın doktorantları Nadir Atayev, Emin Payızov, Turanə Rəsullu, həmçinin Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının dosenti Sahib Piriyev təmsil edib.
AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, nümayəndələr konfransda “Süni neyron analizindən istifadə edərək boş fəzada optik şəbəkələrin adaptiv monitorinqi” (Adaptive monitoring of free space optical networks utilizing artificial neuron analysis) mövzusunda çıxış ediblər. Konfransın sonunda iştirakçılara sertifikat təqdim olunub.
Konfransda seçilən məqalələr “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnallarda dərc olunacaq.