Sumqayıt Dövlət Universitetinin Keyfiyyət təminatı və strategiya şöbəsinin təşkilatçılığı ilə təhsilverənlərin tədqiqatçılıq bacarıqlarının təkmilləşdirilməsi məqsədilə “Tədqiqat mövzusunun seçilməsi və ədəbiyyat təhlili üçün strategiyalar” mövzusunda təlim təşkil olunub.
Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.
Təlim SDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, həmçinin yerli və "Web of Science”, “Scopus” kimi beynəlxalq elmmetrik bazalarda indekslənən müxtəlif jurnallarda dərc edilmiş bir çox elmi məqalənin, kitab bölmələrinin və hesabatların müəllifi, müxtəlif beynəlxalq elmi jurnalların rəyçisi kimi fəaliyyət göstərən dos. Könül Abaslı tərəfindən keçirilib.
Təlim zamanı tədqiqat mövzusu müəyyənləşdirilərkən nəzərə alınması zəruri olan meyarlar, etibarlı dataların əldə edilməsini təmin edən mənbələr, ədəbiyyat təhlilinə dair müxtəlif strategiyalar barədə danışılıb.
Təlimdə eyni zamanda yırtıcı jurnallar və onların müəyyənləşdirilməsi yollarından bəhs edilib.
Təlimin sonunda mövzu ilə əlaqəli müxtəlif məzmunlu müzakirələr aparılıb və iştirakçıların suallarına aydınlıq gətirilib.