Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbir Elm və Təhsil Nazirliyi, AzMİU və Qərbi Azərbaycan İcması tərəfindən birgə təşkil edilib.
Konfransda çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova Vətən müharibəsindən sonra regionda yaranan geosiyasi proseslər fonunda Qərbi Azərbaycanla bağlı məsələlərin aktuallaşmasının universitet qarşısında da mühüm vəzifələr yaratdığını bildirib. Tədbirin həm də bu vəzifələrin yerinə yetirilməsi məqsədilə keçirildiyini vurğulayan rektor bildirib ki, konfrans AzMİU ilə ölkənin qabaqcıl iqtisadi təhlil və tədqiqat mərkəzləri arasında Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialının öyrənilməsi üzrə effektiv əməkdaşlıq imkanı yaradacaq.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında AzMİU-nun təşəbbüsünü alqışlayıb və qeyd edib ki, Qərbi Azərbaycanın iqtisadi potensialının, bu potensialın region iqtisadiyyatına, siyasi və sosial proseslərə təsirinin öyrənilməsi son dərəcə strateji məsələdir.
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov bildirib ki, bu gün AzMİU-da keçirilən konfrans Qərbi Azərbaycanın həm keçmiş, həm də müasir iqtisadiyyatının öyrənilməsində çox vacib və əhəmiyyətli addımdır. Bu sahədə alimlərin, gənc tədqiqatçıların elmi araşdırmalar aparması mövcud iqtisadi vəziyyəti göz önünə gətirəcək, bölgənin inkişafı üçün böyük əmək sərf etmiş soydaşlarımızın xidmətlərini yenidən xatırladacaq.
Konfransın plenar iclasında Auditorlar Palatasının sədri Vahid Novruzovun “Qərbi Azərbaycan iqtisadiyyatının mövcud durumu, problemləri və perspektivləri”, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri professor Əvəz Ələkbərovun “1988-ci ilədək Qərbi Azərbaycandakı bölgələrin Ermənistan SSR-nin iqtisadiyyatında rolu”, Milli Məclisin deputatı Musa Urudun “Zəngəzurda türk mənşəli toponimlərə erməni soyqırımı siyasəti”, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru professor Vüsal Qasımlının “Qərbi Azərbaycan: Ana vətənlə iqtisadi reinteqrasiya” mövzularında məruzələri yer alıb. Konfrans sosial iqtisadi potensial və gələcəyə baxış olmaqla iki bölmə üzrə keçirilib. Bölmələrdə “Qərbi Azərbaycanın sosial-iqtisadi inkişaf potensialı”, “Qərbi Azərbaycanın regionlarının tarixi-iqtisadi potensialı və gələcəyə baxış” mövzularında məruzələr dinlənilib.
Məruzəçilər konfransın mövzusuna uyğun olaraq Qərbi Azərbaycan iqtisadiyyatının mövcud durumu, problemləri, perspektivləri, iqtisadi inkişaf potensialını birgə müzakirə edib, bu regionun keçmişinə, bu gününə, gələcəyinə nəzər yetirib və birgə həll yolları axtarıblar.
Qeyd edək ki, konfransa ümumilikdə 35 məruzə daxil olub.
Konfransın işi bölmə iclasları ilə davam etdirilib.