Logo

“Kriminal qiraət” filminin 30 illiyi qeyd edilib

21.04.2024 13:11 169 baxış
IMG

Los-Ancelesdə TCM klassik film festivalı öz işinə başlayıb. Bu münasibətlə Hollivud bulvarındakı “TCL” Çin Teatrında Kventin Tarantinonun “Kriminal qiraət” adlı kulta çevrilmiş ekran əsərinin xüsusi nümayişi baş tutub. 2024-cü ildə filmin 30 yaşı tamam olur.

Tehsil.biz xəbər verir ki, Tarantinonun rejissorluq karyerasında ikinci olan “Kriminal qiraət” filmi tamaşaçılar arasında böyük rəğbət qazanıb. Film Amerika kinosu tarixində ən nüfuzlu və bəlkə də Tarantinonun karyerasında əsas filmlərdən biri hesab olunur.

Yubiley münasibətilə Kventin Tarantinonun “Kriminal qiraət”inin aktyor heyəti festivalın qırmızı xalçası üzərində yenidən bir araya gəlib.

Tədbirdə Con Travolta, Samuel Cekson, Uma Turman və Harvi Keytel iştirak edib. Brüs Uillis səhhətinə görə tədbirə qatıla bilməyib. Onu həyat yoldaşı Emma Heminq və qızı Tallula Uillis “Bryus” yazısı olan papaqda təmsil ediblər.

“Kriminal qiraət” filmi 1994-cü ildə nümayiş olunub. Ekran əsərində Turman, Travolta, Cekson, Keytel və Uillisdən başqa, Tim Rot, Kristofer Uoken, Piter Qrin, Amanda Plammer və digər kino ulduzları rol alıb. 8 milyon dollar büdcəsi olan kinolent dünya prokatında 213,9 milyon dollar toplayıb. Tarantinonun bu filmi Kann Film Festivalının “Qızıl palma budağı”, “Ən yaxşı macəra filmi, döyüş filmi və ya triller” kimi Saturn mükafatı, “Ən yaxşı orijinal ssenariyə görə” Britaniya Film Akademiyasının mükafatı, “Ən yaxşı film və ən yaxşı rəqsə görə” iki MTV mükafatı, “Qızıl Qlobus” və “Oskar” mükafatına (hər ikisi ssenari üçün) layiq görülüb. Samuel Cekson BAFTA-nın ən yaxşı köməkçi aktyoru seçilib.

Ekran əsəri həmçinin bir çox yerli mükafatlara və film festivallarının mükafatlarına layiq görülüb. 

Builki festivalın mövzusu “Ən çox axtarılan mövzu: kinoda cinayət və ədalət” adlanır. Bütün nümayişlər ənənəvi olaraq, filmlərin aktyor və rejissor heyətinin giriş sözü ilə müşayiət olunur. “Kriminal qiraət” filminə baxış çərçivəsində Travolta, Turman, Cekson və Keytelin iştirak etdiyi maraqlı müzakirə təşkil olunub. Xüsusi nümayişdən sonra aktyorlar səhnəyə çıxıblar.

“Bu fantastikadır. Bu, tarixi və çox təsirli bir hadisədir. Bu filmin unudulmaması və bu axşam hamı tərəfindən xatırlanması nə qədər gözəldir”, - Turman deyib.

 

Xəbər lenti