Logo

MDU Ali Təhsil Liderlik Forumunda təmsil olunub - FOTO

21.04.2024 15:57 123 baxış
IMG

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində 6-cı MENA Ali Təhsil Liderlik Forumukeçirilib. "Əlaqələndirilmiş yeni nəsil universitetlərə doğru: addım atmaq, adaptə olunmaq və transformasiya zərurəti" mövzusuna həsr olunan forum digər beynəlxalq tərəfdaşlarla birlikdə BƏƏ-nin İnnovasiyaların Öyrənilməsi və Müvafiq Bilik Həlləri Mərkəzi tərəfindən təşkil olunub. Forumda 35-dən artıq ölkədən 200-dən çox universitetin rektoru və ali təhsil mütəxəssisi, eləcə də bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Mingəçevir Dövlət Universitetindən (MDU) "Tehsil.biz"ə bildiriblər ki, forumda təhsil və tədqiqat prosesində davamlılıq, tədris və öyrənmə prosesinin institusional inkişafı, ali təhsildə tələbə iştirakçılığının artırılması, universitetlərin transformasiyası, qlobal sülhün təmin olunmasında universitetlərin davamlı artan rolu, yaşıl və rəqəmsal keçidin ali təhsil üçün yaratdığı yeni çağırışlar, liderlik strategiyalarında innovasiyaların stimullaşdırılması məzmununun gücləndirilməsi, innovasiyaların sosial təsirləri, adaptiv tədris metodları, ali təhsilin cəmiyyətin ehtiyaclarına uyğunlaşdırılması, rəqəmsal erada yeni pedaqoji alətlər və digər mövzularda dəyirmi masalar, panel müzakirələri, seminarlar və təqdimatlar keçirilib.

MDU-nun rektoru Şahin Bayramov forumda iştirak edib. Rektor tədbir çərçivəsində təşkil olunan "Ali təhsilin cəmiyyətin ehtiyaclarına uyğunlaşdırılması: dəyişən tələblərə adaptasiya" mövzusunda panel müzakirələrdə çıxış edib.

Azərbaycan, Kanada, Səudiyyə Ərəbistanı və BƏƏ-dən olan universitet rəhbərlərinin məruzəçi qismində iştirak etdikləri sözügedən paneldə ali təhsilin cəmiyyətin dəyişən ehtiyaclarına uyğunlaşdırılmasının əhəmiyyəti, həmin ehtiyacların ödənilməsini hədəfləyən praktiki strategiyaların hazırlanması və həyata keçirilməsi, universitet-cəmiyyət əməkdaşlığının vacib komponentləri, kurrikulum, proqram və tələbə dəstək xidmətlərinin qlobal təfəkkürlü mütəxəssis hazırlığına uyğunlaşdırılması təcrübələri müzakirə edilib.

Paneldə çıxış edən Ş.Bayramov ona ünvanlanan sualları həm Azərbaycandan olan ali təhsil müəssisəsinin rəhbəri, həm də Beynəlxalq Universitetlər Assosiasiyasının (IAU) idarə heyətinin üzvü qismində cavablandırıb, mövzu barədə fikirlərini təmsil etdiyi hər iki qurumun müvafiq təcrübəsi ilə əsaslandırıb.

Rektor IAU-nun missiyası və prioritetləri, universitet-cəmiyyət əməkdaşlığına dair dəyərləri və Ali təhsilin beynəlmiləlləşməsi üzrə 6-cı qlobal sorğusunun müvafiq nəticələrini diqqətə çatdırıb. Ş.Bayramov yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-nun strateji məqsədlərindən və yerləşdiyi bölgənin ehtiyaclarını qarşılamaq sahəsində müvafiq təcrübəsindən bəhs edib. Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunduğunu, eləcə də ölkəmizin bu il COP29-a ev sahibliyi edəcəyini xüsusi vurğulayan rektor MDU-nun adıçəkilən hər iki təşəbbüs çərçivəsində ölkə miqyasında həyata keçiriləcək tədbirlərə fəal töhfə verməyə çalışdığını deyib. Bu baxımdan cari ildə universitet-cəmiyyət əməkdaşlığında "yaşıl" və dayanıqlı əsaslı sosial fəaliyyətlərin üstünlük təşkil etdiyini bildirib.

Panel müzakirələri iştirakçılar tərəfindən maraqla qarşılanıb və onların təqdim etdikləri suallar cavablandırılıb.

Rektor forum çərivəsində keçirilən "Davamlılıq: tədqiqatdan təcrübəyə doğru" mövzusunda seminara da qatılıb. Maraqlı və faydalı müzakirələrlə yadda qalan tədbirdə davamlılığın strateji planlaşdırmaya inteqrasiyası praktikasından, universitetin struktur bölmələri arasında əməkdaşlığın təşviqi strategiyalarından, sənaye tərəfdaşları ilə effektiv kommunikasiya alətlərindən, ali təhsildə davamlılığın uğurlu tətbiqi nümunələrindən və digər mövzulardan bəhs edilib.

Bununla yanaşı, Ş.Bayramov "Ali təhsildə tədrisin və öyrənmənin institusionallaşdırılması: akademik çevikliyin təşviqi" mövzusunda seminarda iştirak edib. Ali təhsil müəssisələrinin rəhbərləri üçün nəzərdə tutulmuş praktiki seminar tədris və öyrənmədə son tendensiyalar və onların ümumi ali təhsil ekosisteminə təsiri, tədris və öyrənmədə çevik təcrübələr, universitetlərin missiya və strateji məqsədlərinə uyğun olan effektiv tədris və öyrənmə strategiyalarının hazırlanması, tədris və təlim təşəbbüslərini dəstəkləyən zəruri təşkilati struktur və idarəetmə mexanizmləri, tədris və təlim mərkəzlərinin əsas performans göstəriciləri və digər məsələləri əhatə edib.

Ş.Bayramov forumda iştirak edən bir sıra universitet rektorları ilə Azərbaycanın ev sahibliyi edəcəyi COP29 çərçivəsində birgə reallaşdırıla biləcək potensial fəaliyyətlər barədə faydalı müzakirələr aparıb, COP28-in keçirildiyi BƏƏ-ni təmsil edən müvafiq universitetlərin təcrübəsi ilə tanış olub.

Xəbər lenti