Logo

BDU-da IFLA-nın fəaliyyətinə həsr olunmuş elmi seminar keçirilib

22.04.2024 17:58 250 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyasının (IFLA) fəaliyyətinə həsr olunmuş elmi seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verib.

Seminarda BDU-nun Sənəd menecmenti kafedrasının magistrantı Fərəh Məmmədli “IFLA-nın biblioqrafik fəaliyyəti” mövzusunda məruzə edib. Gənc tədqiqatçı əvvəlcə IFLA-nın yaranması, strukturu, fəaliyyət istiqamətləri, eyni zamanda, təşkilatın qəbul etdiyi sənədlər barədə məlumat verib: “IFLA 1926-cı ildə Böyük Britaniyanın Edinburq şəhərində təsis olunub. Təşkilat qlobal miqyasda kitabxana işi və biblioqrafik fəaliyyət sahəsində əməkdaşlığı təşkil edir, qabaqcıl təcrübənin öyrənilərək yayılmasına dəstək verir, kitabxana-informasiya fəaliyyətinin inkişaf perspektivlərini müəyyənləşdirir”.

Araşdırmada kitabxana-informasiya fəaliyyətinin müasir hədəfləri və paradiqmaları təhlil olunub. IFLA-nın bu mühüm prosesə təsiri, kitabxana fəaliyyətinin qlobal informasiya məkanına inteqrasiyası baxımından rolu araşdırılıb.

Beynəlxalq biblioqrafik əməkdaşlığın əhəmiyyəti, onun formaları barədə məlumat verən tədqiqatçı IFLA-nın biblioqrafik fəaliyyətini geniş şərh edib. Bildirilib ki, IFLA-nın fəaliyyətinin əsasını kitabxanalarda biblioqrafik resursların yaradılması, milli nəşr məhsulunun biblioqrafik uçotu, ən müxtəlif tələbatçı qruplarına biblioqrafik xidmətin göstərilməsi, kitabxanalarda biblioqrafik fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə yeni informasiya texnologiyalarının tətbiqi kimi mühüm istiqamətlər təşkil edir.

Məruzədə Azərbaycan kitabxanalarının beynəlxalq əlaqələrinin inkişafında təşkilatın rolu diqqətə çatdırılıb. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının və Milli Kitabxananın IFLA ilə səmərəli əməkdaşlığı xüsusi vurğulanıb.

Xəbər lenti