Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən Türkoloji Mərkəzin təşkilatçılığı ilə Filologiya fakültəsində filologiya elmləri doktoru Elçin İbrahimovun “Türk dünyasında ortaq əlifba və ünsiyyət dili” kitabının təqdimatı keçirilib.
Universitetdən "Tehsil.biz"ə bildirilib ki, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova türkoloq-alim Elçin İbrahimovun elmi fəaliyyəti və əsərin xüsusiyyətləri barədə məlumat verib. O bildirib ki, Türk dünyasını birləşdirən ortaq əlifba və ünsiyyət dili problemləri türk xalqları arasında həllini tapmamış aktual məsələlərdəndir. Professor nitqində tarix boyu müxtəlif xalqların təsirinə məruz qalan türklərin bir-birindən fərqli yazı sistemlərindən istifadə etdiyini söyləyib. Diqqətə çatdırıb ki, əsərin müxtəlif hissələrində əlifba mücadilələri, onun müasir dövrdə vəziyyəti məsələsi geniş təhlil edilib.
Türkoloji Mərkəzin Türk ədəbiyyatı bölməsinin müdiri professor Elman Quliyev kitabda türklərin tarixən istifadə etdikləri əlifbalar haqqında dolğun məlumatların təqdim olunduğunu, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkmənistanda ortaq türk əlifbasının tətbiqi məsələsinin müxtəlif aspektlərdən təhlilinin verildiyini qeyd edib. Professor 1926-cı ildə Bakıda təşkil olunan I Türkoloji Qurultayın təsir dairəsinin elmi-nəzəri, tarixi aspektdən müəllif tərəfindən tədqiq olunduğunu diqqətə çatdırıb.
Kitabın müəllifi filologiya elmləri doktoru Elçin İbrahimov əsərdə türk xalqları arasında əlifba islahatları istiqamətində görülən işlər, XX əsrin başlanğıcından indiyə qədər davam edən proseslərin araşdırıldığını bildirib. Elçin İbrahimov monoqrafiyanın bütün fəsilləri barədə ümumi məlumat verib.
Tədbir diskussiya formatında davam edib.
Sonda professor Mahirə Hüseynova türkoloq-alim Elçin İbrahimovun kitabının Türk dünyasında ortaq əlifba, orfoqrafiya kimi aktual problemlərin araşdırılması və öyrənilməsi baxımından əhəmiyyətli mənbə olduğunu qeyd edib və müəllifə təşəkkürünü bildirib.