Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq, Jurnalistika fakültələrinin, “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin birgə təşkilatçılığı ilə tələbələr üçün “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” mövzusunda interaktiv təlim keçirilib.
BDU-dan "Tehsil.biz"ə bildirilib ki, təlimin məqsədi dünyada iqlim dəyişikliyinin dağıdıcı risklərinin və enerji təhlükəsizliyinə təhdidlərin qarşısının alınması, ölkəmizdə “yaşıl enerji” mənbələri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı maarifləndirmə aparmaq olub.
Tədbirdə BDU-nun Bioekologiya kafedrasının dosenti, “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin rəhbəri, COP29-un keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üzvü Firuzə Sultanzadə, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı biologiya üzrə fəlsəfə doktoru, dosent Akif Ağbabalı, Jurnalistika fakültəsinin dekanı, MEDİA-nın Müşahidə Şurasının üzvü, filologiya elmləri doktoru, dosent Vüqar Əliyev çıxışlarında qeyd ediblər ki, ölkəmiz regionda yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir. COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin alternativ enerji sahəsi üzrə texnoloji həllər məsələsində nailiyyətlərini bütün dünyaya nümayiş etdirməyə imkan verəcək. Ötən il dekabrın 25-də Prezident İlham Əliyev iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması barədə Sərəncam imzalayıb. Sənəddə rəqabətqabiliyyətli iqtisadiyyatın dayanıqlı inkişafı, ölkənin təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi əsas prioritetlər kimi nəzərdə tutulur.
“EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin proqram koordinatorları Pərvin Əzizli “COP29: Dayanıqlı gələcəyə doğru iqlim fəaliyyəti və öhdəliklər”, Leyla Qasımova “Yaşıl enerjiyə keçid”, Fərid Seyfullayev “İqlim dəyişmələri sahəsində liderlik bacarıqları” mövzularında təqdimat ediblər.
Təlimin sonunda COP29 ilə bağlı media məzmununun yaradılmasında Jurnalistika fakültəsinin tələbələrinin roluna dair fikir mübadiləsi aparılıb.